Bu ilin yanvar ayından etibarən Azər Türk Bankın İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərən Günel xanım Nəbiyeva həmin dövrdən etibarən Bankın işində müşahidə olunan canlanma, maliyyə göstəricilərində müsbət dinamika və ümumiyyətlə bu dəyişikliklərin arxasında hansı transformasiya tədbirlərinin dayanması və həyata keçirilən yeniliklərin bu nəticələrə necə təsir göstərdiyi barədə mətbuata açıqlama verib:
-Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 1995-ci ildə əsası qoyulmuş ATB fəaliyyətə başladığı gündən indiyə qədər daima inkişaf edən maliyyə institutlarından biridir. Yeri gəlmişkən, bu ay Bankımızın fəaliyyətinin 31 illiyini qeyd etdik. Bankın fəaliyyət tarixinə nəzər saldıqda görürük ki, o, daim tərəqqi edən və bank sektorunda nümunəvi korporativ idarəetmə standartları ilə seçilən maliyyə institutu kimi formalaşıb. Bu inkişafda dövlət bankı statusu da mühüm rol oynayıb.
2021-ci ildə Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildikdən sonra bu inkişaf tendensiyası sürətlə davam edib. Belə ki, Bankın aktivləri artıb, kredit portfeli və mənfəət göstəricilərində mütəmadi artım tempi müşahidə edilib. Nəzərinizə çatdırım ki, 2024-cü ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Bankın səhmlərinin 51%-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi ilə Bankın inkişafında yeni mərhələnin əsası qoyulub.
Bu ilin əvvəlində Bankın 2026–2028-ci illəri əhatə edən yeni inkişaf strategiyası təsdiqlənib. Həmin strategiya özlüyündə korporativ və KOB seqmentinin inkişafına fokuslanmağı, ölkə iqtisadiyyatının strateji sahələrinin və real sektorun maliyyələşdirilməsində Bankın rolunun gücləndirilməsini, rəqəmsal transformasiyanın sürətləndirilməsini və dayanıqlı inkişaf prinsiplərini ön plana çəkir. Artıq məqsəd ATB-nin ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfəni daha da gücləndirmək və bu istiqamətdə aparıcı maliyyə institutlarından biri kimi mövqeyini möhkəmləndirməkdir. Bu isə növbəti dövr ərzində Bankda ciddi transformasiyanın aparılmasını, biznes hədəflərinin dəyişdirilməsini və bu hədəflərə fokuslanan biznes proseslərinin qurulmasını labüd edir. Bu istiqamətdə artıq konkret transformasiya tədbirlərinin icrasına başlanıldığını da qeyd etmək mümkündür.
Xüsusi vurğulamaq istəyirəm ki, müştərilərə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal həllərin genişləndirilməsi və müasir bankçılıq məhsullarının inkişafı Bankın dayanıqlı inkişaf strategiyasının vacib elementləridir. Bu gün Bankın biznes modeli rəqəmsallaşma, əməliyyat səmərəliliyinin artırılması, resurs bazasının gücləndirilməsi və məhsul portfelinin şaxələndirilməsi prinsiplərinə əsaslanır.
Artıq həyata keçirilən bu dəyişikliklərin ilk müsbət nəticələri Bankın maliyyə göstəricilərində də öz əksini tapmağa başlayıb. Belə ki, yaxın günlərdə açıqladığımız nəticələrə əsasən Bankın xalis mənfəəti 10,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artım deməkdir. Eyni zamanda, Bankın əməliyyat mənfəəti 30 % artıb, kapitalı və depozit portfelində də artımlar qeydə alınıb. Bu göstəricilər həyata keçirilən tədbirlərin və müəyyən edilmiş strateji istiqamətlər üzrə görülən işlərin ilkin müsbət nəticələridir.







