Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2026-cı ilin ikinci rübündə qlobal səhm bazarlarında bərpa prosesi müşahidə olunub.
Banker.az bunu ARDNF-ə istinadən xəbər verir.
Fondun 2026-cı ilin ilk yarısı üzrə hesabatına əsasən, qlobal səhm bazarları birinci rübün əvvəlində müsbət dinamika nümayiş etdirsə də, ABŞ-İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən rübün qalan hissəsində geriləyib.
İkinci rübdə isə bazarlar yenidən yüksəlişə keçib. ARDNF qeyd edir ki, buna süni intellekt sahəsinə investisiya marağının artması və atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması təsir göstərib. Nəticədə, ikinci rüb 2020-ci ildən bəri qlobal səhm bazarları üçün ən uğurlu rüblərdən biri olub.
Bununla yanaşı, rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərib və bazarlarda volatillik yenidən artıb.
ARDNF-nin qiymətləndirməsinə görə, 2026-cı ilin ilk yarısında geosiyasi hadisələr və investor gözləntilərindəki dəyişikliklər qlobal səhm bazarlarının dinamikasına əsas təsir göstərən amillər olub.
Qeyd edək ki, hesabat dövrünün sonunda ARDNF-nin investisiya portfelinin 31,4%-i səhmlərə yönəldilib. Fondun səhm portfelinin 42,6%-i Şimali Amerika, 26,2%-i Avropa, 20,3%-i Asiya-Sakit okean, 7,8%-i inkişaf etməkdə olan ölkələr, 3,1%-i isə Yaxın Şərq bazarlarının payına düşüb.






