Azərbaycanın pambıq ixracatçılarının gəlirləri 27% artıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycan 80,2 min ton pambıq lifi ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% çoxdur. Hesabat dövründə pambıq lifi ixracının dəyəri 112,3 milyon dollar olub ki, bu da illik müqayisədə 26,5% artım deməkdir.

Banker.az xəbər verir ki, ixracın orta qiyməti isə enib. Belə ki, 2026-cı ilin ilk beş ayında 1 ton pambıq lifinin orta ixrac qiyməti 1 400 dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründəki 1 497 dollar ilə müqayisədə 6,5% azalıb. Həcm artsa da, qiymətin aşağı düşməsi ixrac gəlirlərinin artım tempini məhdudlaşdırıb.

Coğrafi baxımdan ixracın böyük hissəsi Türkiyənin payına düşüb. Beş ay ərzində Türkiyəyə 77 min tona yaxın pambıq lifi göndərilib və bunun dəyəri 108,1 milyon dollar olub. Beləliklə, ümumi ixracın həcminin təxminən 96%-i, dəyərinin isə 96,3%-i bu ölkənin payına düşüb. İrana ixrac 3,1 min ton (4 milyon dollar), Rusiyaya isə 126 ton (174 min dollar) təşkil edib. Ötən ilin eyni dövründə Türkiyədən başqa əsas bazarlar Türkmənistan, İran və Rusiya idi.

Pambıq sektoru üzrə əsas şirkətlərdən “Prime Cotton” MMC 79 milyon dollar ixrac həyata keçirərək ötən ilin eyni dövründəki 55,9 milyon dollarla müqayisədə 41,3% artım nümayiş etdirib. “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC isə ixracını 17,3 milyon dollardan 29,6 milyon dollara yüksəldərək 71,1% artıma nail olub. Hər iki şirkət 2026-cı ilin ilk aylarında qeyri-neft ixracatçılarının aparıcı sıralarında yer alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər