Brüssel Yunanıstanın yeni sanksiyalar paketinin qəbulunu ləngitməsindən sonra Rusiyaya qarşı məhdudiyyətlərlə bağlı yeni yanaşmanı nəzərdən keçirir. Bu barədə Financial Times (FT) məlumat yayıb.
Qəzetin yazdığına görə, Avropa rəsmiləri daha hədəfli maliyyə sanksiyalarının daha sürətli qəbul edilməsi üçün mexanizmlər axtarırlar ki, üzv dövlətlərin veto hüququndan istifadə imkanları məhdudlaşsın.
Hazırda Avropa Komissiyası və Ukraynanı ən fəal dəstəkləyən Aİ ölkələri arasında sanksiyaların iri paketlər şəklində deyil, ayrı-ayrılıqda və ya kiçik tematik paketlər formasında qəbul edilməsi ideyası getdikcə daha çox dəstək qazanır. Rəsmilərin fikrincə, bu yanaşma hər hansı tədbirə veto qoyulması riskini azalda bilər.
“Bu, sonuncu böyük sanksiyalar paketi ola bilər. Artıq tam aydındır ki, bu yanaşma işləmir”, – deyə FT-yə danışan mənbələrdən biri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi barədə bildirib.
FT iyulun 15-də yazmışdı ki, Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasının qadağan edilməsinə etiraz etdiyinə görə 21-ci sanksiyalar paketini bloklayır. Mənbələrin sözlərinə görə, Afina bu qərarla Dynagas şirkətinin sahibi Corc Prokopiunun maraqlarını qorumağa çalışır, çünki sanksiyalar şirkətə ciddi zərər vura bilər.
Kreml isə bəyan edib ki, Rusiya qazından imtina Avropanı baha qiymətə qaz satan ABŞ-dan daha çox asılı vəziyyətə salacaq və tədarükün şaxələndirilməsi imkanlarını məhdudlaşdıracaq.
Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Aİ-də növbəti sanksiyalar paketinin razılaşdırılması zamanı yaranan çətinliklər məhdudiyyətlərin artıq Avropa ölkələrinin öz maraqlarına zərər vurmağa başlaması ilə bağlıdır.
“Mən sanksiyaların həddinə çatıldığını düşünmürəm. Belə bir hədd yoxdur, dəliliyin də həddi yoxdur”, – deyə Peskov bildirib.
Yeni sanksiyalarla bağlı danışıqlar bir neçə dəfə nəticəsiz başa çatıb və təxirə salınıb. “Yevropeyska Pravda” nəşrinin məlumatına görə, Aİ daxilində fikir ayrılıqları səbəbindən məhdudiyyətlərin payıza qədər təxirə salınması ehtimalı da müzakirə olunurdu. Sanksiyaların ayrı-ayrı bəndlərinə Yunanıstanla yanaşı Fransa, İtaliya, Almaniya, Avstriya və Portuqaliya da etiraz edirdi.
İyulun 23-də Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib. Paketə son dörd ilin ən geniş fərdi məhdudiyyətləri daxil edilib və 218 şəxsə (48 fiziki və 170 hüquqi şəxs) qarşı sanksiyalar tətbiq olunub. Məhdudiyyətlər maliyyə, energetika, ticarət və kriptovalyuta sektorlarını da əhatə edib. Razılıq Yunanıstanın israr etdiyi bəzi məqamlarla bağlı uzun sürən müzakirələrdən sonra əldə olunub.







