İpoteka almaq daha asan olacaq: Süni intellekt tətbiq ediləcək

Azərbaycanda süni intellektin ipoteka kreditləşmə prosesinə tətbiqi planlaşdırılır.

Banker.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, fondun əsas hədəflərindən biri dövlətin strateji prioritetlərinə uyğun olaraq xidmətlərin rəqəmsallaşdırılmasını sürətləndirməkdir: “Dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində müxtəlif qanunvericilik təşəbbüsləri və tədbirlər planları Prezidentin sərəncamları ilə təsdiqlənib. 2026–2028-ci illər üzrə dövlət xidmətlərinin rəqəmsal transformasiyasının sürətləndirilməsinə dair tədbirlər planından irəli gələn vəzifələrə uyğun olaraq Fond da müvafiq tədbirlərin icrasını həyata keçirir. Əsas hədəflər rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi, süni intellekt həllərinin ipoteka kreditləşdirilməsi, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə tətbiqi, vətəndaşlardan tələb olunan sənədlərin toplanması yükünün faktiki olaraq 0-a endirilməsi, xidmətlərdə fiziki təmasın minimuma endirilməsi və yaşayış maliyyəsi alətlərinin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə Fond beynəlxalq təcrübəni öyrənir və Azərbaycanın mövcud iqtisadi reallıqları nəzərə alınmaqla qeyd olunan istiqamətlər üzrə işləri davam etdirir”.

Bundan başqa, Fond rəsmisi deyib ki, müvafiq dövlət qurumları ilə inteqrasiya ilə bağlı danışıqlar gedir: “Fondun operatoru olduğu Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə göstərilən xidmətlər üzrə müxtəlif dövlət qurumları ilə inteqrasiya təmin edilib. Hazırda sistem 8 dövlət qurumu ilə aktiv məlumat mübadiləsi aparır. Növbəti dövrlərdə bu sayın artırılması nəzərdə tutulur və bununla bağlı müvafiq dövlət qurumları ilə danışıqlar davam etdirilir”.

“Bəzən mediada kreditləşmə prosesində sənədləşmə ilə bağlı çox sayda sənəd tələb olunduğu barədə xəbərlər yayılır. Lakin reallıq fərqlidir. İpoteka və Kredit Zəmanət Fondu ölkədə elektronlaşma və rəqəmsallaşma sahəsində xidmətlərini ilk elektronlaşdıran qurumlardan biridir. Fond hələ 2013-cü ildən etibarən bir çox xidmətlərini elektron formada təqdim edir. Bu baxımdan Fond Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə xidmətlərini göstərən pioner qurumlardan biridir. Tələb olunan sənədlər də dəfələrlə sadələşdirilib. Hazırda sənədlərin böyük əksəriyyəti elektron sistem vasitəsilə əldə olunur. Bu səbəbdən vətəndaşların sənədləri fiziki olaraq banka təqdim etməsi artıq çox aşağı səviyyədədir. Fond növbəti dövrlərdə də fiziki təmasın minimuma endirilməsi istiqamətində işləri davam etdirəcək”, – deyə R.Abdullayev əlavə edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər