Çin Aİ-nin 14 şirkətinə qarşı ixrac məhdudiyyətləri tətbiq edib

Çin Avropa İttifaqında qeydiyyatdan keçmiş 14 şirkəti ixrac nəzarəti siyahısına daxil edib. Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Qərar Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketinə cavab olaraq verilib. Həmin paket çərçivəsində Çindən olan 15 şirkət də sanksiya siyahısına salınıb.

“Milli təhlükəsizliyi, ölkənin maraqlarını və yayılmama sahəsi də daxil olmaqla beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə bu subyektlərin ixrac nəzarəti siyahısına daxil edilməsi barədə qərar qəbul etmişik”, — deyə nazirliyin açıqlamasında bildirilir.

Nazirlik Çin ixracatçılarına siyahıya daxil edilən şirkətlərə ikili təyinatlı məhsulların tədarükünü qadağan edib. Xarici təşkilat və fiziki şəxslərə də Çin mənşəli bu cür məhsulları həmin şirkətlərə ötürmək qadağan olunub. Bəyanatda qeyd edilir ki, məhdudiyyətə məruz qalan şirkətlərlə bağlı bütün mövcud əməliyyatlar dərhal dayandırılmalıdır.

Siyahıya İtaliyanın Lafert S.p.A., Almaniyanın Rheinmetall AG, Çexiyanın TATRA TRUCKS a.s., Fransanın III-V LAB, Niderlandın IHC Merwede Holding B.V. və Litvanın Ekspla UAB daxil olmaqla 14 şirkət salınıb.

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib. Məhdudiyyətlər 48 fiziki şəxsə, 170 təşkilata, həmçinin 94 Rusiya bankı və iri maliyyə institutuna şamil olunub. Sanksiya siyahısına Çindən 15, daha beş ölkədən isə 11 şirkət daxil edilib.

Bundan əlavə, Aİ ilk dəfə olaraq Rusiyanın sanksiyalardan yayınmasına kömək edən üçüncü ölkələrdən olan operatorların kriptovalyuta xidmətləri göstərməsini tam qadağan edən mexanizm tətbiq edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər