“AGA Group”un faktorinq biznesi fond bazarından 1 mln. borc cəlb edir

“AGA Group”a məxsus, Azərbaycanın faktorinq bazarının iştirakçılarından olan “Ferrum Kapital” QSC ümumi dəyəri 1 mln. manat olan istiqraz buraxır.

Banker.az emissiya prospektinə istinadən xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazı tədavülə buraxır.

İllik 14% gəlirlilik təklif edən bu qiymətli kağızların tədavül müddəti 12 ay müəyyən olunub. Kupon ödənişləri investorlara rüblük əsasda, yəni hər 3 aydan bir həyata keçiriləcək və istiqrazlar üzrə geri satın alınma nəzərdə tutulmayıb.

İstiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsaitlər şirkətin daxili maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, sahibkarlıq subyektlərinin dövriyyə kapitalına olan ehtiyaclarını qarşılamaq və faktorinq portfelini daha da böyütmək məqsədilə istifadə ediləcəkdir.

Müstəqil audit auditoru (“RSM Azerbaijan” MMC) tərəfindən şərtsiz müsbət rəy almış göstəricilərə əsasən, “Ferrum Kapital” QSC 2025-ci ilin yekunlarına görə 3 779 619 manat xalis mənfəət əldə edib. Həmçinin, həmin dövr üçün cəmiyyətin aktivləri 77,1 milyon manatı, xüsusi kapitalı isə 8,4 milyon manatı üstələmişdir.

Xatırladaq ki, “Ferrum Kapital” QSC 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 2 min manatdır. Səhmdarları Demirçi Qafar Aydın oğlu (68%), Həbibzadə Məhəmməd Rza Pərviz (23%), “AQA Şirkətlər Qrupu” QSC (4.5%) və “Vesta İnvestment” QSC-dir (4.5%).

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər