Çinin süni intellekt şirkəti DeepSeek potensial investorlara ikinci maliyyələşdirmə mərhələsinin müvəqqəti dayandırıldığını şifahi şəkildə bildirib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, qərarın səbəbi şirkətin təsisçisi Lyan Venfenin ilk maliyyələşdirmə raundu zamanı investorlara verdiyi şərhlərin mediada və internetdə geniş yayılması ilə bağlı narahatlığı olub.
İnternetdə onun Nvidia çiplərindən asılılıq və Çinin süni intellekt sahəsində ABŞ-dən geri qalması barədə dediyi fikirlər sitat gətirilib.
İlk maliyyələşdirmə mərhələsində DeepSeek təxminən 7,4 milyard dollar cəlb edib. İkinci raund çərçivəsində isə şirkət 480 milyard yuan (70,88 milyard dollar) ilkin qiymətləndirmə əsasında ən azı 10 milyard yuan (təxminən 1,48 milyard dollar) investisiya toplamağı planlaşdırırdı.
Ekspertlərin fikrincə, bu qərar DeepSeek-in ikinci maliyyələşdirmə mərhələsindən tam imtina etməsi demək deyil. Bloomberg-in mənbələri bildirirlər ki, şirkət eyni zamanda birjaya çıxış (IPO) imkanlarını da nəzərdən keçirir və bu, artıq cari ildə baş tuta bilər. DeepSeek məsələ ilə bağlı rəsmi açıqlama verməyib.







