Cənubi Koreyanın internet şirkəti Naver ABŞ-nin Nvidia Corp. şirkətinin xeyrinə ümumi dəyəri təxminən 1,48 trilyon von (1,01 milyard dollar) olan 7,2 milyon yeni səhm buraxacaq. Bu barədə Reuters məlumat yayıb.
Sövdələşmədən sonra Nvidia şirkətin 4,5% səhminə sahib olacaq və Naver-in ən böyük səhmdarlarından birinə çevriləcək.
Bir səhmin qiyməti 204 500 von müəyyən edilib ki, bu da cümə günü ticarətin bağlanış qiymətindən 1% aşağıdır. Endirim tərəflər arasında əldə olunmuş razılaşma çərçivəsində tətbiq olunub.
Bu addım iki şirkət arasında əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Onlar iyulun 24-də investisiya qrupu Brookfield ilə birlikdə Naver-in süni intellekt üçün nəzərdə tutulmuş məlumat emalı mərkəzini (data mərkəzi) genişləndirməyi və layihəyə 10 milyard dollara qədər investisiya cəlb etməyi planlaşdırdıqlarını açıqlamışdılar.
Layihə Naver GAK data mərkəzinin yerləşdiyi Sedjon şəhərində həyata keçiriləcək. Şirkətin planına əsasən, mərkəzin gücü 2027-ci ilin ilk yarısında 55 MVt, 2028-ci ildə isə 200 MVt olacaq, daha sonra isə 1 giqavat səviyyəsinə çatdırılacaq. Nvidia mərkəz üçün qrafik prosessorlar (GPU) təmin edəcək.
Nvidia son illərdə süni intellekt, bulud texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə iri həcmdə investisiyalar yatırıb. Şirkət OpenAI-a 30 milyard dollar, Anthropic-ə isə 10 milyard dollar sərmayə qoyub.
Xatırladaq ki, Bloomberg iyunun 9-da yazmışdı ki, Çin beş il ərzində ölkə üzrə məlumat emalı mərkəzlərinin tikintisinə təxminən 2 trilyon yuan (295 milyard dollar) yönəltməyi planlaşdırır. Layihələrin əsas hissəsini China Mobile və China Telecom idarə edəcək. Məlumata görə, Çin data mərkəzlərində istifadə olunan texnologiyaların, o cümlədən süni intellekt çiplərinin 80%-ni yerli istehsalçılardan, xüsusilə Huawei Technologies şirkətindən təmin etməyi planlaşdırır. Bu isə Nvidia və Advanced Micro Devices (AMD) üçün Çin bazarında mövqelərin zəifləməsinə səbəb ola bilər.







