Taleh Kazımov: Mərkəzi Bank administrativ olaraq kredit faizlərini idarə etmir

“Mərkəzi Bank administrativ olaraq faizləri idarə etmir. Kreditlər üzrə faizlər özü formalaşmalıdır, bazar müəyyən etməlidir. Biz pulun maya dəyərinə təsir edirik və öz uçot dərəcəmiz vasitəsilə faizləri azaldanda manatın maya dəyəri də düşür, xərc olaraq banklar üçün düşür. Bu da ümumi kredit faizlərinə təsir edir”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.

Taleh Kazımov bildirib ki, banklar əhalidən və ya biznes subyektlərindən vəsaiti müəyyən faizlə cəlb edir.

“Hazırda bu göstərici orta hesabla təxminən 9% təşkil edir. Daha sonra bank həmin vəsaitin üzərinə əməliyyat xərclərini əlavə edir, çünki xidmət haqqları var. Üstünə kredit riski faizini əlavə edir. Kredit riski dedikdə isə hər bir borcalanın maliyyə vəziyyətinə uyğun olaraq krediti geri qaytarmamaq ehtimalı nəzərdə tutulur. Və üstünə öz marjasını əlavə edir. Nəzərə alsaq ki, pullarımızın maya dəyəri bu gün artıq 9%-dədir, o faizləri də əlavə eləsək, faizlər ikirəqəmli səviyyəyə çıxır. Bizim təhlillərimiz onu göstərir ki, 1-2% deyə də bilərəm ki, 3%, 4% kredit faizlərinin dəyişimi, artımı və ya azalması, yəni kreditləşmənin məhdudlaşdırılmasına və ya sürətlə artmasına o qədər də təsir göstərmir. Məsələn, 2025-ci ilin iyul ayında, səhv etmirəmsə, kredit faizləri vəsaitin maya dəyərinin artması səbəbindən 19%-ə yüksəlmişdi. Halbuki, həmin il kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 18% artmışdı. Yəni məntiqlə əksinə olmalıdır, faizlər artanda kreditləşmə sürəti azalmalıdır. 5-10% dəyişim olsa, sözsüz təsir edəcək, amma son iki ildə baş verən dəyişikliklər o qədər də böyük təsir göstərmir”.

AMB sədri əlavə edib ki, xüsusilə istehlak kreditləşməsində, biznes kreditləşməsində böyük faiz sıçrayışı görmür:

“Birincisi, bu gün bank sektorunda bizim üçün çağırış məhz təmərküzləşmədir və sektorda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Sektorda rəqabəti artırmalıyıq. Dominant banklar var və onların faizlərinin dəyişiminin ümumi sektora təsiri var”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər