ƏSF: İnvestisiya şirkətləri üçün sabit sığorta haqqının tətbiqi nəzərdən keçirilir

Hazırda Azərbaycanda qiymətli kağızlar bazarı üzrə investisiyaların sığortalanması mexanizminin formalaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir və bu çərçivədə investisiya şirkətlərinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ödəməli olacağı sığorta haqqlarının hansı model əsasında təyin olunacağı məsələsinə dair qiymətləndirmə aparılıb.

Banker.az xəbər verir ki, bu barədə Reporta açıqlamasında ƏSF-in icraçı direktorunun müavini Bəhruz Qayıbov deyib.

“Bununla bağlı bank sektorunda hazırda tətbiq olunan sabit sığorta haqları modeli və digər mümkün yanaşmalar araşdırılıb”, – B. Qayıbov bildirib.

Onun sözlərinə görə, investisiyaların sığortalanması mexanizminin yaradılması istiqamətində hazırda aidiyyəti dövlət qurumlarının iştirakı ilə normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilməkdədir:

“İnvestisiyaların sığortalanması mexanizminin tətbiqi istiqamətində Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu birgə iş aparır. Layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bütün işlər tam yekunlaşdıqdan, habelə qanun layihəsi müvafiq qaydada təsdiq olunduqdan sonra bu barədə media subyektləri vasitəsilə investisiya şirkətləri və əhali məlumatlandırılacaqdır”.

B.Qayıbov bildirib ki, hazırda bank sektoru üzrə qanunvericiliyə uyğun olaraq iştirakçı banklar tərəfindən qorunan əmanətlər üzrə sabit sığorta haqlarının ödənilməsi modeli tətbiq edilməkdədir.

“Bank sektorunda risk əsaslı sığorta haqları modelinə keçid məsələsi müxtəlif mərhələlərdə müzakirə predmeti olsa da, hazırda qüvvədə olan hüquqi tənzimləmə sabit sığorta haqları mexanizminin tətbiqini nəzərdə tutur”.

ƏSF-in icraçı direktorun müavini vurğulayıb ki, investisiyaların sığortalanması sistemi tətbiq ediləcəyi təqdirdə, Fondun iştirakçıları olan investisiya şirkətləri tərəfindən qanunvericiliklə müəyyən ediləcək hesablanmaya uyğun olaraq sığorta haqları ödəniləcəkdir.

“Toplanacaq həmin vəsaitlər Fondun sığorta ehtiyatlarının formalaşdırılmasına yönəldiləcək və gələcəkdə sığorta hadisəsi baş verdiyi halda kompensasiya ödənilməsi məqsədilə istifadə olunacaq”, – o əlavə edib.

B.Qayıbov qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bütün banklar və xarici bankların yerli filialları Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı – üzvü hesab edilir:

“Mövcud hüquqi mexanizmə əsasən iştirakçı banklar qorunan əmanətlər üzrə öhdəliklərini tam icra edənədək Fonda təqvim haqları ödəyirlər. Bununla yanaşı, qanunvericilikdə müəyyən edilmiş hallarda əlavə haqların tətbiqi də mümkündür”.

Onun sözlərinə görə, əlavə haqlar yalnız qanunvericiliklə müəyyən edilmiş xüsusi hallarda tətbiq edilir.

“Belə ki, Fondun mövcud sığorta ehtiyatlarının kompensasiya ödənişlərinin maliyyələşdirilməsi üçün kifayət etmədiyi və əlavə maliyyə resurslarının cəlb edilməsinə zərurət yarandığı hallarda, iştirakçı banklardan təqvim haqları ilə yanaşı əlavə haqların toplanılması barədə qərar qəbul edilə bilər”, – B.Qayıbov bildirib.

O xatırladıb ki, 2020-ci ildə bir neçə bankın müflis elan olunması ilə əlaqədar Fond tərəfindən qorunan əmanətçilərə əhəmiyyətli həcmdə kompensasiya ödənilib:

“Belə ki, 2020-ci ildə müflis elan edilmiş dörd bankın qorunan əmanətçilərinə ƏSF tərəfindən ümumilikdə təxminən 664 milyon manat məbləğində kompensasiya ödənilib. Sözügedən öhdəliklərin yerinə yetirilməsinin maliyyələşdirilməsi məqsədilə dövlət zəmanəti əsasında Mərkəzi Bankından 2020–2027-ci illəri əhatə edən müddət üçün kredit vəsaiti cəlb edilib. Hazırkı proqnozlara əsasən, həmin kredit öhdəliyinin icra müddətinin 2027-ci ildə başa çatması gözlənilir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, 2020-ci ildən etibarən müflis elan edilmiş 6 bankın qorunan əmanətçilərinə Fond tərəfindən ümumilikdə 898 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. Eləcə də ləğv prosesində olan banklara qarşı təminatsız kreditor tələbləri üzrə 2020-ci ildən hazırkı vaxtadək həyata keçirilmiş tranşlarla kreditorlara ümumilikdə 31 milyon manata yaxın və bundan əlavə 17 000 manatadək təminatsız tələbləri olan kreditorlara Fond tərəfindən 3 milyon manata yaxın vəsait ödənilib”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər