2026-cı il iyulun 17-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.
Banker.az xəbər verir ki, AZ2016020607 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac iyulun 30-da başa çatıb.
Emissiyanın həcmi 4 milyon manat təşkil edib. Buraxılış çərçivəsində nominal dəyəri 100 manat olan 40 min ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqraz yerləşdirilib. Hərrac birqiymətli üsulla keçirilib və yerləşdirmə qiyməti 100 manat olub.
İllik gəlirlilik 13%, tədavül müddəti isə 12 ay müəyyən edilib. Faiz ödənişləri istiqrazların ilk yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək.
Yerləşdirmə zamanı 50 investor tərəfindən 50 sifariş təqdim olunub. Sifarişlərin ümumi həcmi və yerləşdirilən istiqrazların həcmi 4 milyon manat təşkil edib.
İstiqrazların anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.







