Almaniya iqtisadiyyatı İran müharibəsinin yaratdığı mənfi təsirlərə baxmayaraq, ilin ikinci rübündə artım nümayiş etdirib.
Bu barədə Almaniya Federal Statistika İdarəsinin hesabatında qeyd olunub.
Ölkədə ümumi daxili məhsul apreldən iyunadək olan dövrdə birinci rüblə müqayisədə 0,2 faiz artıb. Neft qiymətlərinin yüksəlməsi şirkətlər və istehlakçılar üçün əlavə yük yaratsa da, son iqtisadi göstəricilər müsbət dinamikanın qorunduğunu göstərir. Bu, əsasən sənaye sifarişləri, istehsal, ixrac, tikinti icazələri və pərakəndə satış dövriyyəsində müşahidə olunan artımda əksini tapıb.
Avrozona iqtisadiyyatı da İran müharibəsinin nəticələrinə baxmayaraq ikinci rübdə yenidən böyüyüb. Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən, avrozonada ümumi daxili məhsul ikinci rübdə əvvəlki ilə müqayisədə 0,4 faiz artıb.






