ABŞ Prezidenti bildirib ki, administrasiya oxşar tarifləri tətbiq etmək üçün başqa mexanizmlərdən istifadə edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmənin fevral ayında ləğv etdiyi IEEPA tarif rejimi çərçivəsində toplanmış təxminən 100 milyard dollarlıq gömrük rüsumunu idxalçılara geri qaytarıb. CNBC-nin məlumatına görə, bu barədə avqustun 4-də, çərşənbə axşamı ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunan hesabatda bildirilib.
Geri qaytarılan məbləğ hökumətin Trampın 2025-ci ildə Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktından, yəni IEEPA-dan istifadə edərək tətbiq etdiyi genişmiqyaslı rüsumlar üzrə topladığı 166 milyard dolların təxminən 60%-nə bərabərdir. Ali Məhkəmə bu rüsumları qanunsuz sayıb, hakim isə hökumətə ödənilmiş vəsaitləri idxalçılara qaytarmağı tapşırıb.
Rüsumların izlənməsi və geri qaytarılması üçün CAPE sistemi tətbiq olunub. İyulun 31-nə olan məlumata görə, 25 milyondan çox idxal mövqeyini əhatə edən 252 496 geri qaytarma bəyannaməsi qəbul edilib. Təxminən 129 milyard dollarlıq müraciət emala götürülüb, bunun 100 milyard dolları artıq təsdiqlənərək ödəniş üçün ABŞ Maliyyə Nazirliyinə göndərilib.
Gömrük rüsumlarını iqtisadi siyasətinin əsas elementlərindən birinə çevirən Tramp məhkəmənin qərarından narazılığını bildirib. Bununla belə, o qeyd edib ki, administrasiyası oxşar tarifləri tətbiq etmək üçün digər hüquqi mexanizmlərdən istifadə edəcək.
Bununla yanaşı, yeni tarif mexanizmləri artıq məhkəmə iddiaları ilə üzləşir. Vəsaitlərin geri qaytarılması prosesi isə hələ yekunlaşmaqdan uzaqdır. Belə ki, 330 mindən çox idxalçı 53 milyondan artıq məhsul mövqeyi üzrə IEEPA rüsumları ödəyib.







