2026-cı ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yataqları bloku (AÇG) üzrə fəaliyyətlərə 1 mlrd. dollardan bir qədər artıq vəsait xəclənilib.
Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan məbləğin təqribən 268 milyon dollarını əməliyyat, 733 milyon dollarını əsaslı xərclər təşkil edib.
“AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı bu ilin birinci yarısında tamamlanıb”, – hesabatda bildirilir.
“Dərinsulu Günəşli” ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində əməliyyatlar davam etmişdir, o cümlədən beş quyuda sualtı müdaxilə işləri uğurla tamamlanmışdır, hazırda isə altıncı quyuda işlər davam edir.
“Mərkəzi Azəri” platformasında hazırda həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi üzrə işlər ilin birinci yarısında plana uyğun davam edib. Bu layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya blokları ve köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilib. Bütün bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq yerinə yetirilib.
CAGE layihəsi Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyır və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulub. Layihənin icrası 2026-cı ilin yanvar ayında başlanıb. Layihə üzrə nəzərdə tutulmuş digər modifikasiyalar bu ilin avqust ayında Mərkəzi Azəri platformasında aparılacaq planlaşdırılmış profilaktik işlər proqramı zamanı həyata keçiriləcək. Bunun ardınca bütün qalan yekun işlər tamamlandıqdan sonra bu ilin sentyabrında layihə başa çatacaq.
“2026-cı ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (19 300), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (73 300), Şərqi Azəri (45 000), Dərinsulu Günəşli (47 000), Qərbi Çıraq (24 000) və ACE (26 400) platformalarından birlikdə – gündə orta hesabla 323 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub”, – məlumatda qeyd olunur.
İyun ayının sonunda AÇG-də ümumilikdə 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
Bununla yanaşı, ilin birinci yarısında AÇG-də 7 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanıb.
Bu quyulardan biri – Qərbi Azəri platformasından qazılmış və uğurla təhvil verilmiş C44 neft hasilatı quyusu, Xəzərdə indiyədək qazılmış ilk multilüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilmiş, və nəticədə quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilib.
“Multilüləli quyu texnologiyasının AÇG-də uğurlu tətbiqi bu yetkin yataqdan neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır”, – hesabatda vurğulanır.







