ABŞ Prezidenti Donald Tramp avqustun 6-da, cümə axşamı iki xüsusi icra sərəncamı imzalayaraq ölkədə doğumla vətəndaşlıq hüququnu, yəni “torpaq prinsipi”ni məhdudlaşdırmaq üçün ikinci cəhdini edib. Bu addım Ali Məhkəmənin onun həmin hüququ ləğv etməyə yönəlmiş ilk cəhdini konstitusiyaya zidd hesab etməsindən cəmi bir aydan bir qədər çox sonra atılıb.
Sərəncamlardan biri “torpaq prinsipi” üzrə istisnaların siyahısını genişləndirir. Yeni qaydalara əsasən, bəzi əcnəbi kateqoriyalarının uşaqları ABŞ ərazisində doğulsalar belə, Amerika vətəndaşlığı ala bilməyəcəklər.
İkinci sərəncam isə “doğuş turizmi” adlanan praktikanı qadağan edir. Söhbət hamilə əcnəbi qadınların uşaqlarının ABŞ ərazisində doğulması və bununla da avtomatik olaraq Amerika vətəndaşlığı alması üçün məqsədli şəkildə ölkəyə gəlməsindən gedir. ABŞ dünyada ərazisində doğulma faktına görə vətəndaşlıq hüququ verən azsaylı ölkələrdən biridir.
“Bu, illər əvvəl edilməli idi, amma biz bu məsələni indi həll edirik”, deyə Tramp sərəncamları imzalayarkən bildirib. Yeni qərarlar onun ABŞ-yə miqrasiyanı məhdudlaşdırmaqla bağlı seçkiqabağı vədlərinin davamıdır.
Qadağaların mahiyyəti nədir?
“Administrasiyam ölkəmizin səxavətindən istifadə edərək Amerika vətəndaşlarını aldatmağa çalışan zərərli xarici subyektlərdən qaynaqlanan risklərə qarşı tədbirlər görüb”, Trampın imzaladığı ilk sərəncamda deyilir.
Sənədə əsasən, valideynləri ABŞ vətəndaşı olmayan uşaqların avtomatik vətəndaşlıq alması bəzi hallarda qadağan edilir. Bu məhdudiyyət valideynlərdən ən azı birinin terror təşkilatının üzvü olması, ABŞ vətəndaşlığını saxta yollarla əldə etməyə cəhd göstərməsi və ya ABŞ-də başqa dövləti təmsil etməsi halında tətbiq olunur. Sonuncu kateqoriyaya, xüsusilə diplomatlar daxildir.
İkinci sərəncamda nəzərdə tutulan “doğuş turizmi” qadağası isə o deməkdir ki, artıq “dünyada heç kim bu saxta məqsədlə viza ala bilməyəcək”. Trampın milli təhlükəsizlik üzrə müşaviri Stiven Miller yeni məhdudiyyətin mexanizmini belə izah edib.
“Belə insanlar bura turist kimi gəldiklərini göstərirlər. Amma onların əsl məqsədi burada uşaq dünyaya gətirmək, uşağa avtomatik vətəndaşlıq qazandırmaq və sonra ölkəmizi tərk etməkdir”, Miller bildirib.
Onun sözlərinə görə, belə uşaqlar sonradan sosial müavinətlərə, səsvermə hüququna və “yalnız amerikalılara məxsus olan bütün digər hüquq və imtiyazlara” çıxış əldə edirlər.
Miller bildirib ki, prezident “doğuş turizmi”ni qadağan etmək səlahiyyətinə malikdir. O, bunu ABŞ İmmiqrasiya və Vətəndaşlıq Qanununun prezidentə ölkəyə girişlə bağlı istisna və məhdudiyyətlər müəyyən etmək hüququ verən müddəası ilə əsaslandırıb.
Problemin miqyası
Tramp cümə axşamı sərəncamların imzalanmasını elan edərkən bildirib ki, “doğuş turizmi” nəticəsində ABŞ-də yüz minlərlə uşaq dünyaya gəlib.
“İndi insanlar bunun ətrafında biznes qururlar. Varlı insanlar doğumla vətəndaşlıq hüququnun ətrafında biznes yaradırlar. Belə olmamalıdır”, ABŞ Prezidenti deyib.
Lakin Trampın açıqladığı rəqəmlər Miqrasiya Siyasəti İnstitutunun ABŞ siyahıyaalma məlumatlarına əsaslanan hesablamaları ilə üst-üstə düşmür. İnstitutun qiymətləndirməsinə görə, “doğuş turizmi” nəticəsində ABŞ-də hər il 22 mindən 26 minədək uşaq dünyaya gəlir.
Hökumət məlumatları göstərir ki, 2024-cü ildə xarici ünvanı olan analar ABŞ-də 9 600 uşaq dünyaya gətirib. Milli statistikanın məlumatına görə, həmin il ölkədə ümumilikdə 3,6 milyon uşaq doğulub.
Reuters qeyd edir ki, ABŞ-yə açıq şəkildə uşaq dünyaya gətirmək və həmin uşağa vətəndaşlıq qazandırmaq məqsədilə gələn əcnəbilərin sayı, eləcə də bunun amerikalı vergi ödəyicilərinə nə qədər başa gəldiyi barədə rəsmi statistika yoxdur.
Məsələ yenidən məhkəməyə gedə bilər
ABŞ-də doğumla vətəndaşlıq hüququ Konstitusiyanın 14-cü düzəlişi ilə təmin edilir. Düzəlişdə deyilir: “Birləşmiş Ştatlarda doğulmuş və ya vətəndaşlığa qəbul edilmiş və onun yurisdiksiyasına tabe olan bütün şəxslər Birləşmiş Ştatların və yaşadıqları ştatın vətəndaşlarıdır”.
Bu düzəliş 1868-ci ildə, ABŞ Vətəndaş müharibəsinin başa çatmasından qısa müddət sonra ratifikasiya edilib. Məqsəd keçmiş qulların hüquqlarını möhkəmləndirmək və ayrı-ayrı ştatların həmin hüquqları məhdudlaşdırmasının qarşısını almaq idi.
Tramp bu düzəlişin tətbiqini sərəncamla məhdudlaşdırmağa ilk dəfə 2025-ci ilin yanvarında, Ağ Evdə işə başladığı ilk gündə cəhd edib.
Həmin vaxt imzaladığı sərəncam indiki iki sənəddən daha sərt idi. O, ABŞ dövlət qurumlarına valideynlərdən heç biri ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi, yəni “green card” sahibi olmadığı halda, ölkədə doğulan uşaqların vətəndaşlığını tanımamağı tapşırırdı.
Məhkəmə prosesi Ali Məhkəməyədək gedib çıxıb. 2026-cı ilin iyununda məhkəmə Trampın 2025-ci ildə imzaladığı sərəncamın 14-cü düzəlişə zidd olduğu barədə qərar çıxarıb və bununla doğumla vətəndaşlıq hüququnu təsdiqləyib.
Bu qərar Trampın ABŞ-də yaşamaq, işləmək və vətəndaşlıq almaq hüququna malik şəxslərin dairəsini məhdudlaşdırmaq cəhdlərinə ciddi zərbə olmuşdu.
Cümə axşamı yeni sərəncamı imzalayan Tramp Ali Məhkəmənin əvvəlki qərarını “pis və çox ədalətsiz” adlandırıb və “ölkəmiz buna görə əziyyət çəkir” deyib.
Trampın yeni sərəncamının da məhkəmədə mübahisələndiriləcəyi və onun 14-cü düzəlişə uyğunluğunun araşdırılacağı gözlənilir.
Kaliforniya Universitetinin Devis kampusunun hüquq məktəbinin professoru Qabriel Çinin fikrincə, sərəncamın bəzi müddəaları hüquqi baxımdan qüvvədə qala bilər, lakin digər hissələri “ciddi konstitusion suallar yaradır”.
Çin təsdiqləyir ki, prezident müəyyən hallarda, o cümlədən uşaq dünyaya gətirmək məqsədilə gələn şəxslərin ABŞ-yə girişini məhdudlaşdırmaq üçün müəyyən səlahiyyətlərə malikdir.
“Amma uşaq artıq ABŞ-də dünyaya gəldikdən sonra prezidentin həmin uşağın vətəndaş olmadığını müəyyən etmək üçün hər hansı səlahiyyətə malik olduğunu düşünmürəm”, o bildirib.
Professor “doğuş turizmi”ni ABŞ-də hər il baş verən milyonlarla doğuşla müqayisədə “dənizdə bir damla” adlandırıb.
“Bu, qeyri-adi və məhdud yayılmış bir fenomendir”, Çin deyib.







