Broker tətbiqini açırsınız və portfel başdan-ayağa qırmızıdır. Tanış mənzərədir? Hələ dünən qazanc ümidləri ilə dolu idiniz, bu gün isə sanki bütün fond bazarı kapitalınıza qarşı birləşib. İlk fikir də budur: hər şeyi təcili satmaq, tətbiqi silmək və investisiyaları qorxulu yuxu kimi unutmaq.
Amma belə məqamda ən vacib məsələ emosiyalara qapılmamaqdır. Bazar enişlərindən hamı, hətta əfsanəvi investorlar da keçir. Ucuzlaşma hökm deyil, investorun yetkinliyini sınayan imtahandır. Panikanı bir kənara qoyub xaosu sistemli yanaşmaya çevirmək lazımdır. Aşağıdakı beş addım vəziyyət üzərində nəzarəti bərpa etməyə və hər kəs üçün əlçatan peşəkar alətlərin köməyi ilə yeni imkanlar tapmağa kömək edə bilər.
Addım 1. Panikaya düşməyin: portfeli “yoxlamadan” keçirin
İlk istək ucuzlaşmış bütün aktivlərdən qurtulmaq olur. Çox vaxt bu, zərərin məhz bazarın dibində rəsmiləşdirilməsinə və sonrakı bərpa zamanı potensial qazancın əldən verilməsinə gətirib çıxarır.
Panik satışların əvəzinə soyuqqanlı təhlil lazımdır. Aktivləriniz konkret olaraq niyə ucuzlaşıb? Problem ayrı-ayrı şirkətlə bağlıdır, bütün sektora aiddir, yoxsa ümumi bazar korreksiyasıdır? Bu sualın cavabı sonrakı addımları müəyyən edir.
Təxmin yürütməyin. Şirkətlərinizin fəaliyyət göstərdiyi sektor üzrə ən son analitik hesabatları nəzərdən keçirin. Ola bilsin ki, bütün sektor xammal qiymətlərinə və ya yeni qanunvericiliyə görə təzyiq altındadır. Konkret şirkət üzrə məlumatları araşdırın: maliyyə göstəriciləri güclüdürmü, narahatedici xəbərlər olubmu, ekspertlər nə düşünür? Bu, perspektivli biznesdəki müvəqqəti enişi zəif şirkətin uzunmüddətli tənəzzülündən ayırmağa kömək edəcək.
Addım 2. Strategiyanı yenidən nəzərdən keçirin
Bazar fırtınası portfelin quruluşundakı zəif yerləri yaxşı göstərir. Ola bilsin ki, ilkin planınız həddindən artıq riskli olub. Yaxud səhmləri hesablamalara deyil, bazar hay-küyünə qapılaraq seçmisiniz. İndi bunları düzəltmək üçün uyğun məqamdır.
Aktivlərinizə və ümumilikdə bazara qərəzsiz baxış lazımdır. Emosiyalardan uzaq obyektiv qiymətləndirməni kim verə bilər? Süni intellekt bu işdə əlavə analitik alət kimi istifadə oluna bilər.
Addım 3. Xaosun içində imkanları tapın
“Küçələrdə qan axanda, hətta o qan sizinki olsa belə, alın” ifadəsi adətən baron Rotşildə aid edilir. Bu fikrin mahiyyəti sadədir: bazarda maksimum panika keyfiyyətli aktivləri böyük endirimlə almaq üçün nadir imkanlar yarada bilər. Hər şey ucuzlaşanda heç nə almağın mümkün olmadığı təsəvvürü yaranır. Amma məhz belə dövrlərdə iri və peşəkar investorlar həddindən artıq ucuzlaşmış aktivləri axtarmağa başlayırlar.
Əsas məsələ belə səhmləri necə tapmaq və bazara giriş üçün münasib məqamı necə qaçırmamaqdır.
Addım 4. Sürətli və dəqiq hərəkət edin
Təhlil aparmısınız, maraqlı investisiya ideyası tapmısınız, amma qorxu və əlverişsiz interfeys hərəkət etməyə mane olur. Sifarişlərin gec icrası, riskə nəzarət üçün lazımi alətlərin olmaması qeyri-müəyyənliyi daha da artırır.
Belə vəziyyətdə planı dərhal həyata keçirməyə və eyni zamanda riskləri məhdudlaşdırmağa imkan verən etibarlı və funksional ticarət terminalına ehtiyac var.
Addım 5. Zərəri təcrübəyə çevirin
Bir dəfə portfelin kəskin ucuzlaşmasını yaşamaq işin yalnız yarısıdır. Əsas məsələ eyni səhvləri yenidən təkrarlamamaq və düzgün nəticələr çıxarmaqdır. İnvestisiya asan pul uğrunda qısamüddətli sprint deyil, intizam və sistemli yanaşma tələb edən marafondur.
Məhz bu yanaşma qorxmuş yeni başlayan investordan özünə əmin investora çevrilməyin yoludur. “Qırmızı” portfelə qorxu ilə baxmaq əvəzinə, vəziyyət üzərində nəzarəti bərpa etmək lazımdır. Ağrılı təcrübəni gələcəkdə daha düzgün qərarlar verməyə kömək edən dərsə çevirmək mümkündür.
Reaksiyadan strategiyaya
Portfel artıq sürətlə aşağı düşəndə nəzarəti bərpa etməyə kömək edə biləcək beş addımı nəzərdən keçirdik. Amma uğurlu investorun əsas sirri odur ki, o bu addımları yalnız “yanğın söndürmək” lazım gələndə deyil, daimi şəkildə tətbiq edir.
Bu halda söhbət portfeli reanimasiya etməkdən deyil, maliyyə gigiyenasından gedir. Portfel qırmızıya dönənədək gözləyib yalnız bundan sonra təhlilə başlamırsınız, əksinə, üfüqdə toplanan riskləri əvvəlcədən görmək üçün bunu mütəmadi edirsiniz. Skrinerdən uğursuz səhmlərə əvəz tapmaq üçün deyil, zəif aktivlərdən vaxtında çıxmaq və daha güclü imkanları müəyyən etmək üçün istifadə edirsiniz. Analitik siqnalları və ticarət alətlərini də panik satışlar üçün deyil, mövqeləri planlı şəkildə idarə etmək üçün hazır saxlayırsınız.
İnvestisiya portfelin necə bahalaşdığını və ya ucuzlaşdığını passiv şəkildə izləmək deyil. Bu, aktiv idarəetmə prosesidir. Gəmini idarə etməyi öyrənmək üçün fırtınanın başlamasını gözləmək lazım deyil. Bu prinsipləri əvvəlcədən və sistemli şəkildə tətbiq etdikdə portfeldəki “qırmızı” rəng şokedici qayda deyil, nadir istisna ola bilər.






