Meta Azərbaycanda 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcəyi bildirilən yeni ƏDV qaydaları ilə əlaqədar Dövlət Vergi Xidmətində qeydiyyat prosesinə başlayıb.
Banker.az xəbər verir ki, şirkət tərəfdaşlarına göndərdiyi bildirişdə Azərbaycanda ƏDV qeydiyyatının tamamlanması üzərində işlədiyini açıqlayıb.
Meta bu proses çərçivəsində reklam hesabı sahiblərindən Ad Account Settings bölməsində vergi identifikasiya nömrəsini — VÖEN-i yeniləməyi xahiş edib.
Şirkətin məlumatına görə, müvafiq qaydalar tətbiq edildikdən sonra Meta sistemində “Sold To” ünvanı Azərbaycan göstərilən və etibarlı VÖEN təqdim etməyən istifadəçilərin Facebook reklam alışlarına 18% ƏDV əlavə oluna bilər.
Beləliklə, Azərbaycanda fəaliyyət göstərən və Facebook üzərindən reklam alan bizneslərin reklam hesablarında vergi məlumatlarını düzgün qeyd etməsi əhəmiyyət daşıyacaq.
Yeni qaydanın 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcəyi bildirilir.







