Mağazanın idarəçiliyi süni intellektə verildi, gecikən işçini işdən çıxardı

İsveçin süni intellekt tədqiqatları ilə məşğul olan Andon Labs startapı 2026-cı ilin əvvəlində süni intellekt agentlərinin real biznesi idarə edib-edə bilməyəcəyini yoxlamaq üçün eksperimentə başlayıb. Time yazır ki, şirkət təcrübə barədə ilk dəfə 2026-cı ilin aprelində məlumat verib.

Eksperiment çərçivəsində Anthropic-in Claude modeli San-Fransiskoda yerləşən Andon Market pərakəndə mağazasının idarəçiliyinə cəlb olunub. Mağazanın bütün əməkdaşları real insanlar olub və onlarla əmək müqavilələri bağlanıb.

Əməkdaşlardan biri 23 növbənin 17-nə gecikib. Buna baxmayaraq, Claude problemi yalnız ondan iş jurnalını nəzərdən keçirmək istənildikdən sonra aşkar edib və əvvəlcə həmin əməkdaşa sadəcə xəbərdarlıq edilməsini təklif edib.

Lakin Andon Labs mütəxəssislərindən birinin yönləndirici sualından sonra Claude əməkdaşın işdən çıxarılması barədə qərar verib.

Startapın rəhbəri Lukas Petersson hesab edir ki, insan menecer belə əməkdaşı “çox daha əvvəl” işdən çıxarardı. Mağaza əməkdaşlarından biri də bu fikirlə razılaşıb, lakin süni intellektin rəhbərliyi altında işləməyi “dəhşətli” adlandırıb. O, bunun səbəbləri barədə ətraflı danışmayıb.

Claude-un idarə etdiyi mağaza maliyyə baxımından da uğurlu olmayıb. Beş ay ərzində Andon Market-in bank hesabındakı vəsait 100 min dollardan 61 min dollara düşüb.

Andon Labs mağazanın zərərini Claude-un “həddindən artıq yumşaq idarəetmə qərarları” və “şübhəli biznes instinkti” ilə əlaqələndirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər