“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixini elan edib. İclas “Banklar haqqında” Qanunun 24.5-ci maddəsinə rəhbər tutularaq 2026-cı il sentyabrın 30-da təşkil olunacaq.
Banker.az xəbər verir ki, Bankın Nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq, səsvermə Milli Depozit Mərkəzinin İnvestor Portalı üzərindən qiyabi şəkildə keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
Maliyyə Nazirliyinin nümayəndəsinin ABB-nin Müşahidə Şurasında təmsil olunması;
-
ABB ASC-nin Nizamnaməsinə dəyişiklik edilməsi;
-
“ABB ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi.
Gündəlikdəki məsələlərlə bağlı materiallar və səsvermə bülletenləri avqustun 24-dən etibarən səhmdarların İnvestor Portalındakı şəxsi kabinetlərinə yerləşdiriləcək. Səhmdarlar avqustun 24-dən sentyabrın 29-u saat 23:59-a qədər portaldan elektron qaydada səs verə bilərlər. Elektron səslərin sayılması yığıncaq günü həyata keçiriləcək.
Xatırladaq ki, Bankın səhmlərinin 88,54%-i Maliyyə Nazirliyinə, 3,64%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.






