Azərbaycan Maliyyə Nazirliyinin açıqlamasına görə, 2026-cı il üzrə orta illik inflyasiya proqnozunu əvvəlki 4,8%-dən 5,7%-ə yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilib.
Proqnozun yüksəldilməsinə 2026-cı ilin ilk 6 ayında formalaşmış faktiki inflyasiya göstəriciləri, dünya üzrə əmtəə və ərzaq qiymətlərindəki dəyişikliklər və onların idxal qiymətlərinə təsiri, tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və digər amillər səbəb olub.
Beləliklə, İqtisadiyyat Nazirliyinin yeni proqnozunda 2026-cı il üzrə orta illik inflyasiya əvvəlki gözləntidən 0,9 faiz bəndi yüksək müəyyən edilib.
Bu proqnoz dəyişikliyi Azərbaycan Mərkəzi Bankının iyul ayında açıqladığı yenilənmiş illik inflyasiya gözləntiləri (orta illik deyil) ilə də eyni istiqamətdədir. AMB 2026-cı ilin sonuna illik inflyasiya proqnozunu maydakı 5,9%-dən 6,1%-ə yüksəldib. Qurum 2027-ci ilin sonu üzrə inflyasiya proqnozunu da 4,5%-dən 5,8%-ə artırıb. AMB-nin ilk dəfə açıqladığı 12 ay sonrakı proqnoza əsasən isə 2027-ci ilin iyununda illik inflyasiyanın 6% olacağı gözlənilir.
Mərkəzi Bank inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsini əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin güclənməsi ilə əlaqələndirib. Qurumun qiymətləndirməsinə görə, bu təsirlərin ortamüddətli dövrdə qalıcı xarakter daşıması gözlənilmir.
2026-cı ilin iyulunda Azərbaycanda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Bu, iyundakı 5,8%-dən 0.1 faiz bəndi azdır.
AMB illik inflyasiyanın 4±2%-lik hədəf intervalında qaldığını bildirir. Mərkəzi Bankın baza ssenarisinə əsasən, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən yenidən hədəf səviyyəsinə qayıtması gözlənilir.
İqtisadi artım proqnozu da yenilənib
Maliyyə Nazirliyinin sənədinə əsasən, 2026-cı ildə Azərbaycanın ÜDM-nin real ifadədə 1,7% artaraq 138 milyard manata çatacağı gözlənilir. Bu, dövlət büdcəsi layihəsi hazırlanarkən təqdim edilmiş əvvəlki proqnozdan nominal ifadədə 3,9 milyard manat çoxdur.
Qeyri-neft ÜDM-nin isə real ifadədə 3,1% artaraq 100 milyard manata çatacağı proqnozlaşdırılır. Bununla belə, qeyri-neft-qaz sektorunun real artım tempi üzrə proqnoz əvvəlki 5%-dən 3,1%-ə endirilib.
Nazirlik bunu, xüsusilə tikinti və turizm sektorlarında gözlənilən artım templərinin əvvəlki proqnozlardan daha aşağı olması ilə əlaqələndirib.







