Rusiyanın dəniz yolu ilə xam neft ixracı ardıcıl beşinci həftə azalıb. Banker.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin gəmi hərəkətləri ilə bağlı məlumatlara əsasən yazır.
Belə ki, avqustun 16-dək olan həftədə Rusiyanın əsas Qara dəniz neft ixrac terminalı olan Novorossiyskdən heç bir neft yüklənməyib. Bu, tammiqyaslı müharibənin başlanmasından bəri ixracdakı ən uzunmüddətli və kəskin enişlərdən biridir.
Son dörd həftənin orta göstəricisinə görə Rusiyanın dəniz yolu ilə neft ixracı sutkada 3,58 milyon barrelə düşüb. Eniş Ukraynanın Rusiya limanlarına, tankerlərinə və enerji infrastrukturuna həyata keçirdiyi dron hücumları fonunda baş verib. Hücumların gəmi sahiblərini çəkindirməsi və tanker çatışmazlığı yaratması ixracın azalmasının əsas səbəblərindən biri kimi göstərilir.
İxracdakı azalma neft hasilatına da təsir edib. Bloomberg-in məlumatına görə, Rusiyada neft hasilatı ötən ay sutkada 8,89 milyon barrelə enərək son altı ilin minimumuna düşüb. Bununla yanaşı, Baltik dənizindəki Ust-Luqa limanında yükləmələrin bərpası Qara dənizdəki itkilərin bir hissəsini kompensasiya edir.
Rusiyanın neft tədarükündə Asiya əsas istiqamət olaraq qalır. Avqustun 16-dək olan dörd həftə ərzində Çinə tədarük sutkada 1,22 milyon barrel, Hindistana tədarük isə 670 min barrel təşkil edib. Daha 1,54 milyon barrel neft daşıyan tankerlərin son təyinat məntəqəsi hələ müəyyən edilməyib və onların əsasən Asiyaya yönələcəyi ehtimal olunur.
Dənizdə olan Rusiya neftinin həcmi isə sentyabrdan bəri ən aşağı səviyyəyə düşərək təxminən 94 milyon barrel təşkil edib. Misirin Mersa-əl-Hamra limanı yaxınlığında Rusiya neftinin boşaldılması üçün gözləmə müddəti də ilin əvvəlində bir həftədən az olduğu halda hazırda təxminən bir ay yarıma çatıb.
Bununla belə, Novorossiyskdə fəaliyyət tam dayanmayıb. Reuters-in məlumatına görə, limanda yükləmələr avqustun 16-da bərpa edilib və ilk tanker Qazaxıstanın KEBCO neftini qəbul edib.
Bloomberg-in hesablamalarında Rusiyadan tranzit keçən və sanksiyalara məruz qalmayan Qazaxıstanın KEBCO nefti nəzərə alınmır.






