Azərbaycanda mobil telefon rabitəsindən əldə edilən gəlirlər artsa da, onun informasiya və rabitə bazarındakı çəkisi azalmağa davam edir.
Banker.az-ın əldə etdiyi məlumata görə, 2025-ci ildə mobil rabitədən əldə olunan gəlirlər 1 milyard 290,9 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə təxminən 4,3% çoxdur.
Lakin digər İT xidmətlərinin daha sürətli böyüməsi nəticəsində mobil rabitənin sektorun ümumi gəlirlərində payı azalır.
2021-ci ildə mobil rabitə informasiya və rabitə xidmətlərinin 41%-ni təşkil edirdi. 2022-ci ildə bu göstərici 37,9%-ə, 2023-cü ildə 36,1%-ə, 2024-cü ildə 33,9%-ə, 2025-ci ildə isə 32,1%-ə düşüb.
Eyni zamanda internet xidmətlərinin payı 10,4%-dən 15,8%-ə, proqram təminatı və məsləhət xidmətlərinin payı isə 8,9%-dən 15,1%-ə yüksəlib.







