TikTok istifadəçilərə şəxsi mesajlar vasitəsilə bir-birinə pul göndərməyə imkan verəcək yeni funksiya üzərində işləyir. Bloomberg yazır ki, funksiyaya dair qeydlər TikTok-un iPhone üçün ABŞ versiyasının kodunda aşkarlanıb.
Nəşrin məlumatına görə, şirkət ABŞ-də və digər ölkələrdə ödəniş məhsullarının inkişafı üçün mütəxəssislər işə götürür. Bununla belə, pulköçürmə funksiyası hələ ilkin inkişaf mərhələsindədir və TikTok-un onu istifadəyə verəcəyinə zəmanət yoxdur.
Pul köçürmələrinin TikTok Pay ödəniş xidməti üzərindən həyata keçirilməsi planlaşdırılır. Hazırda bu xidmət yalnız Malayziya, Tailand və Vyetnamda mövcuddur və istifadəçilərə TikTok Shop-da alış-veriş üçün ödəniş etməyə imkan verir.
TikTok Bloomberg-ə bildirib ki, şəxsi mesajlar vasitəsilə pulköçürmə funksiyası hazırda heç bir bazarda sınaqdan keçirilmir.







