Azərbaycanda bitki yağları istehsalı 2026-cı ilin ilk yarısında artıb. Artım əsasən günəbaxan və qarğıdalı yağlarının istehsalındakı yüksəliş hesabına formalaşıb. Əlavə olaraq yerli istehsalın artması ilə palma yağına tələb də düşür.
Banker.az xəbər verir ki, cari ilin ilk 6 ayında günəbaxan yağlarının əmtəəlik istehsalı 16 788,5 ton təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 12 946 tonla müqayisədə 29,7% çoxdur.
Qarğıdalı yağı istehsalı da 9,3% artaraq 5 015,3 tona çatıb. Bununla yanaşı, zeytun yağı istehsalı 6,5% azalaraq 346,9 tona, pambıq yağı istehsalı isə 24,2% azalaraq 487,6 tona düşüb.
Beləliklə, günəbaxan, qarğıdalı, zeytun və pambıq yağlarının ümumi əmtəəlik istehsalı 2026-cı ilin ilk yarısında 22 638,2 ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22% artım deməkdir.
İstehsaldakı artıma baxmayaraq, bəzi yağ növləri üzrə idxalın azalması diqqət çəkir. Belə ki, xam palma yağlarının idxalı 22 563 tondan 14 592,7 tona düşüb. Bu məhsul üzrə idxalın dəyəri də 32,5 milyon dollardan 22,1 milyon dollara azalıb. Orta idxal qiyməti isə ton üzrə 1 439 dollardan 1 515 dollara yüksəlib.
Soya yağının idxalında da azalma qeydə alınıb. İdxal 2 758,2 tondan 2 323,2 tona, dəyər ifadəsində isə 3,14 milyon dollardan 3,01 milyon dollara düşüb. Eyni zamanda, orta idxal qiyməti ton üzrə 1 138 dollardan 1 296 dollara yüksəlib.
Müxtəlif növ zeytun yağlarının ümumi idxalı 1 106,1 tondan 768,5 tona, idxalın dəyəri isə 5,06 milyon dollardan 2,99 milyon dollara enib. Orta idxal qiyməti də ton üzrə 4 571 dollardan 3 891 dollara düşüb.
Əvəzində günəbaxan yağlarının idxalında artım olub. Bu məhsulların idxalı 29 517,9 tondan 33 207,1 tona yüksəlib. İdxalın dəyəri 38,75 milyon dollardan 45,91 milyon dollara, orta idxal qiyməti isə ton üzrə 1 313 dollardan 1 383 dollara çatıb.
İxracda da əsas artım günəbaxan və zeytun yağları üzrə qeydə alınıb. Günəbaxan yağlarının ixracı 1 313,1 tondan 2 306,2 tona yüksəlib. İxrac gəliri isə 2,2 milyon dollardan 4,31 milyon dollara çatıb. Orta ixrac qiyməti də ton üzrə 1 676 dollardan 1 868 dollara yüksəlib.
İndi Zeytun yağları təkcə daxili tələbi deyil, xaricə də satılır. Belə ki, bu qida yağının ixracı 186,7 tondan 680 tona yüksəlib. İxrac gəliri 3,44 milyon dollar təşkil edib. Bununla belə, orta ixrac qiyməti ton üzrə 6 772 dollardan 5 052 dollara düşüb.







