ABŞ ordusu Hörmüz boğazından hər gün milyonlarla barel neftin daşınması üçün gizli gəmiçilik dəhlizi təşkil edib. Axios bu barədə amerikalı rəsmilərə istinadən yazır. Onların məlumatına görə, son bir neçə həftə ərzində hər gecə təxminən 15–20 tanker Oman sahilləri boyunca uzanan cənub kanalından istifadə edərək boğaza daxil olub və oradan çıxıb.
Mənbələrin sözlərinə görə, bu marşrutla gündəlik daşınan neftin həcmi 10 milyon barelə çatıb. Bu, müharibədən əvvəlki səviyyənin təxminən yarısına bərabərdir. Axios-un həmsöhbətlərindən biri iddia edir ki, hazırda Hörmüz boğazına İran İslam İnqilabı Keşikçiləri Korpusu deyil, ABŞ nəzarət edir.
Axios qeyd edir ki, ABŞ-nin bu əməliyyatı İranla müharibənin ən ağrılı nəticələrindən birini — enerji daşıyıcılarının dünya bazarlarına tədarükünün pozulmasını qismən yumşaldır. Tədarükdə yaranan fasilələr xammal qiymətlərinin kəskin artmasına səbəb olmuşdu.
Neft daşımalarının həcmi hələ də müharibədən əvvəlki göstəricidən aşağı olsa da, nəşrin mənbələri ABŞ əməliyyatının “qlobal tədarükə nəzərəçarpacaq təsir göstərdiyini” bildirirlər.
Əməliyyat yalnız neftlə yüklənmiş tankerlərin müşayiət olunması ilə məhdudlaşmır. ABŞ ordusu boş tankerlərin Ərəbistan dənizindən Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olmasına, region ölkələrində neftlə yüklənməsinə və daha sonra yenidən körfəzdən çıxmasına kömək edir.
“Artıq iki aydır Hörmüz boğazının cənub kanalına biz nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu müəyyən problemlər yarada bilər, amma boğaza onlar nəzarət etmir. Biz nəzarət edirik”, — vəziyyətlə tanış olan ABŞ rəsmilərindən biri Axios-a bildirib.
Amerikalı rəsmilərin sözlərinə görə, əməliyyat ABŞ Mərkəzi Komandanlığının hərbi kampaniyası nəticəsində mümkün olub. Kampaniya İranın radar və dəniz müşahidə sistemlərinin fəaliyyətini zəiflədib.
Onların məlumatına görə, Tehran Hörmüz boğazının cənub kanalındakı gəmi hərəkətini hazırda yalnız bərpa edə bildiyi bir neçə radar və İslam İnqilabı Keşikçiləri Korpusunun kiçik sürətli katerlərində yerləşən “müşahidəçilər” vasitəsilə izləyə bilir.
Bu səbəbdən İran gəmilərin keçə biləcəyi ehtimal olunan istiqamətlərə raket və pilotsuz uçuş aparatları buraxır, Axios-un mənbələri bildirirlər. Nəşrin məlumatına görə, İranın zərbələri nəticəsində bəzi tankerlər zərər də görüb.
Mənbələrdən biri qeyd edib ki, bəzi gecələr tankerlər Hörmüz boğazından 15–20 milyon barel neft çıxara biliblər. Bu həftənin gecələrindən birində 20-dən çox gəminin cənub kanalı vasitəsilə boğaza daxil olub çıxması planlaşdırılırdı. Bu halda təxminən 15 milyon barel neftin daşınması mümkün ola bilərdi.
ABŞ prezidenti Donald Tramp bir gün əvvəl Axios-a bildirib ki, Hörmüz boğazından “nəhəng həcmdə” neft daşınır. O, Vaşinqtonun hazırda Tehranla danışıqlar aparmadığını bir daha vurğulayıb və İran hakimiyyətinin ABŞ-nin “vaxtını itirdiyini” deyib.
Tramp həmçinin bildirib ki, İranın mübarizə aparmaq üçün müəyyən imkanları qalsa da, “ümumilikdə əvvəlki vəziyyətinin yalnız kölgəsidir”.
Tramp bu gün İrana qarşı “ən dağıdıcı” iqtisadi əməliyyatın başladığını da elan edib, lakin konkret hansı tədbirlərin nəzərdə tutulduğunu açıqlamayıb. O, Truth Social-da yazıb ki, Tehrana yardım edən istənilən ölkə böyük iqtisadi nəticələrlə üzləşəcək.
Obsidian Risk şirkətinin idarəedici direktoru Brett Erikson X-də yazıb ki, Trampın mesajı əslində yalnız bir ölkəyə — Çinə ünvanlanıb.
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata fevralın 28-də başladığını elan etmişdi. Elə həmin gün İsrail də İran ərazisinə “preventiv zərbə” endirmişdi. Tramp həmin vaxt hücumların İranın raket və nüvə proqramına qarşı yönəldiyini bildirmiş və iranlıları “hökuməti ələ keçirməyə” çağırmışdı.
O vaxtdan keçən yeddi ay ərzində Tramp İran üzərində tam qələbə qazandıqlarını dəfələrlə elan edib. ABŞ KİV-lərinin hesablamalarına görə, prezident bunu azı altı dəfə bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə X sosial şəbəkəsində Trampın təhdidlərini ABŞ-nin rekord dövlət borcu və yüksələn faiz dərəcələri ilə bağlı daxili problemlərindən diqqəti yayındırmaq cəhdi adlandırıb.
Axios-un məlumatına görə, boğazdakı əməliyyata nəzarət edən operativ qrup Şimali Karolina ştatındakı Fort Braqqda yerləşən ABŞ ordusunun qərargahında fəaliyyət göstərir.
Qrup Fars körfəzi ölkələrindəki regional tərəfdaşlarla koordinasiya aparır. Hər gün Hörmüz boğazından Ərəbistan dənizinə çıxacaq gəmilərin siyahısı, həmçinin Ərəbistan dənizindən boğaz vasitəsilə Fars körfəzi ölkələrinin limanlarına neft yükləmək üçün daxil olacaq icarəyə götürülmüş boş tankerlərin siyahısı hazırlanır.
Hər gecə gəmilər eyni marşrutlar üzrə və təxminən eyni vaxt intervallarında hərəkət edirlər.
Əməliyyatda ABŞ hərbi aviasiyası da iştirak edir. Nəşrin mənbələrinin sözlərinə görə, qırıcı təyyarələr tankerləri İranın raket və dron hücumlarından qoruyur.







