ABŞ Maliyyə Nazirliyi ölkənin dövlət borcunun rekord həddə – 40 trilyon dollara çatması ilə bağlı məlumatların real vəziyyəti tam əks etdirmədiyini hesab edir.
Bunu ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcunun əhəmiyyətli hissəsi sosial təminat fondlarının və digər dövlət qurumlarının payına düşür. Buna görə də 40 trilyon dollarlıq göstərici vəziyyətin tam mənzərəsini əks etdirmir.
“40 trilyon dollar böyük rəqəmdir. Lakin bazarda dövriyyədə olan borcun həcminə baxdıqda bu rəqəm daha aşağıdır”, – deyə Bessent bildirib.
O qeyd edib ki, ABŞ administrasiyası əhəmiyyətli iqtisadi artım hesabına dövlət borcunu azaltmağa ümid edir.
Bessent həmçinin bildirib ki, Vaşinqton məhkəmə tərəfindən qanunsuz hesab edilən idxal tariflərinə görə əhəmiyyətli məbləğdə kompensasiyalar ödəmək məcburiyyətindədir.
Bundan əlavə, nazir yüksək büdcə kəsirinə görə məsuliyyəti Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiyanın üzərinə qoyub. Onun sözlərinə görə, ABŞ 2025-ci ildə büdcə kəsirini 1 faizdən çox azaldıb.







