OpenAI bəyan edib ki, şirkətin yeni Jalapeno çipləri testlərin nəticələrinə görə Nvidia-nın hazırkı çip xəttindən daha yaxşı göstəricilər nümayiş etdirib. Bu barədə Bloomberg yazır.
Sınaqlar zamanı Jalapeno iki kateqoriyada lider olub: enerji vahidinə düşən süni intellekt iş yükünün həcmi və cavabvermə sürəti. Çip Nvidia GB300 ilə müqayisə edilib.
Bununla belə, Jalapeno Nvidia-nın yeni nəsil Vera Rubin çipləri ilə sınaqdan keçirilməyib. Bu çiplərin tədarükünə yenicə başlanılıb. Jalapeno həmçinin süni intellekt modellərinin öyrədilməsi üçün nəzərdə tutulmayıb. Məhz bu sahədə Nvidia texnologiyaları rəqiblərini üstələyir.
Jalapeno süni intellektdə inference, yəni çıxarış mərhələsi üçün hazırlanıb. Bu mərhələdə modellər artıq öyrədilmiş olur və istifadəçi sorğularına cavab verməyə, eləcə də müxtəlif tapşırıqları yerinə yetirməyə başlayırlar.
OpenAI Jalapeno çipini Broadcom ilə tərəfdaşlıq çərçivəsində hazırlayıb. Yeni çip yüksək ötürmə qabiliyyəti və aşağı gecikmə təmin edir. Bu da müştərilərə ya xərclərə qənaət edən, ya da daha yüksək məhsuldarlıq verən konfiqurasiyalar arasında seçim etməyə imkan verir.
ChatGPT-nin yaradıcısı yeni çiplərdən öz süni intellekt modellərinin işini dəstəkləmək üçün bu ilin sonundan etibarən istifadə etməyi planlaşdırır. Bu addım OpenAI-nin öz süni intellekt infrastrukturunu yaratmağa yönəlmiş daha geniş strategiyasının bir hissəsidir.







