“Bakı Fond Birjası” QSC (BFB) istiqrazların ikinci bazarında əməliyyatların avtomatlaşdırılması və yeni funksionallığın işə salınması istiqamətində intensiv işlər həyata keçirir.
Bunu BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” tədbirində deyib.
Onun sözlərinə görə, yeni sistemin bu ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulur.
“Yeni funksionallıq fərdi və institusional investorlara öz brokerləri vasitəsilə Bakı Fond Birjasında ikinci bazar ticarət əməliyyatlarını birbaşa və avtomatlaşdırılmış qaydada aparmaq imkanı yaradacaq. Hesab edirəm ki, bu yenilik istiqraz bazarının, xüsusən də korporativ istiqrazlar və onlar üzrə repo bazarının canlanmasına böyük təkan verəcək”, – deyə Ruslan Xəlilov bildirib.







