Azərbaycanda sığortaçılar bu biznesdən niyə ‘məmnundur’?

Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortalanmasına maraq kəskin artıb ki, bunda 2026-cı il yanvarın 1-dən Gürcüstana daxil olan xarici vətəndaşlar üçün tibbi və bədbəxt hadisələrdən sığortanın məcburi edilməsi də rol oynayıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin ilk yeddi ayında sığorta növü üzrə 5,67 milyon manat sığorta haqqı toplanıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 146,2%, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə isə 71,0% çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında xaricə səfər edən vətəndaşların sığortası üzrə sığorta haqları 2,30 milyon manat, 2024-cü ilin eyni dövründə isə 3,31 milyon manat təşkil edib. Beləliklə, 2026-cı ildə bu seqment üzrə yığımlar əvvəlki iki ilin göstəricisini də əhəmiyyətli dərəcədə üstələyib.

Sığorta ödənişləri də artıb. 2026-cı ilin ilk yeddi ayında səyahət sığortası üzrə 567 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 113,2% artım deməkdir. 2025-ci ilin eyni dövründə ödənişlər 266 min manat, 2024-cü ildə isə 151 min manat olub.

Bununla belə, ödənişlərin sığorta haqlarına nisbəti 2026-cı ilin yanvar-iyul aylarında təxminən 10,0% təşkil edib. Bu göstərici 2025-ci ildə 11,6%, 2024-cü ildə isə 4,6% olub.

2026-cı ilin yanvar-iyul aylarında könüllü qeyri-həyat sığortası üzrə haqlar 280,9 milyon manat təşkil edərək illik 40,1% artıb.

Səyahət sığortasında yığımların sürətli artmasına baxmayaraq, bu seqment üzrə zərərlilik nisbəti nisbətən aşağı olaraq qalır. Bu biznesdə zərərlilik nisbəti 10% təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 11,6%, 2024-cü ildə isə cəmi 4,6% olub. Yəni 2026-cı ildə səyahət sığortasında ödənişlərin haqlara nisbəti əvvəlki illə müqayisədə 1,6 faiz bəndi azalıb, baxmayaraq ki, həm haqlar, həm də ödənişlər kəskin artıb. Bu, sığorta şirkətlərinin topladığı hər 100 manat səyahət sığortası haqqının təxminən 10 manatını ödənişlərə yönəltdiyini göstərir.

2026-cı ildə səyahət sığortası üzrə yığımların kəskin artmasının əsas səbəblərindən biri Gürcüstanın tətbiq etdiyi yeni tələb olub. Yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları, tibbi və bədbəxt hadisələrdən sığorta polisi təqdim etməlidirlər. Sığorta təminatının minimum məbləği 30 min lari müəyyən edilib. Azərbaycanda bir həftəlik Gürcüstan səfəri üçün belə sığortanın qiyməti təxminən 15-20 manat arasında dəyişir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər