Nvidia ikinci rübün nəticələrinə görə analitiklərin konsensus-proqnozlarını böyük fərqlə üstələyib və üçüncü rüb üzrə proqnozunu yüksəldib. Reuters yazır ki, əsas ticarət sessiyasında ucuzlaşan şirkətin səhmləri hesabatın açıqlanmasından sonra postmarketdə 5%-dən çox bahalaşıb.
İkinci rübdə Nvidia-nın satışları ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 96,2 milyard dollara çatıb. Müəyyən maddələr nəzərə alınmadan səhm üzrə mənfəət 2,22 dollar təşkil edib. Analitiklər isə 92,5 milyard dollar gəlir və səhm üzrə 2,09 dollar mənfəət gözləyirdilər.
Şirkətin məlumat mərkəzləri biznesindən əldə etdiyi gəlir ikinci rübdə illik müqayisədə 117% artaraq 89 milyard dollara yüksəlib. Nvidia üçüncü rübdə ümumi gəlirin təxminən 108 milyard dollara çatacağını gözləyir.
Nvidia-nın baş direktoru Censen Huan maliyyə nəticələrinin müzakirəsi zamanı bildirib ki, şirkət 2028-ci maliyyə ilində gəlirin 70% artacağını gözləyir. Onun sözlərinə görə, süni intellekt artıq dönüş nöqtəsinə çatıb.
Şirkətin optimist proqnozu süni intellekt iqtisadiyyatında mümkün “köpük” yaranmasından narahat olan investorları sakitləşdirib.







