İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bölgədən enerji ixracının dayandırıla biləcəyi ilə bağlı sərt xəbərdarlıq edib.
Qalibaf “X” sosial şəbəkəsində yazıb ki, münaqişənin məğzi “ya hər şey, ya heç nə” prinsipi ilə ifadə oluna bilər.
Onun sözlərinə görə, əgər İran neft sata bilməsə və ya ölkənin təhlükəsizliyi təmin olunmasa, regionun heç bir ölkəsi enerji daşıyıcılarını ixrac edə bilməyəcək.
Qalibaf həmçinin bildirib ki, ABŞ qüvvələrinin bölgədə olduğu müddətdə boğazda vəziyyət müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq.
İran parlamentinin sədrinin açıqlamasında konkret olaraq boğazın adı çəkilməsə də, söhbətin Hörmüz boğazındakı vəziyyətdən getdiyi anlaşılır. Hörmüz boğazı Yaxın Şərqdən dünya bazarlarına neft və digər enerji resurslarının daşınması baxımından strateji əhəmiyyət daşıyır.
Qalibafın sözləri İranın münaqişə fonunda enerji ixracı və regiondakı təhlükəsizlik məsələləri ilə bağlı mövqeyinin sərtləşdiyini göstərir.







