ABŞ-nin S&P 500 indeksi üzrə fyuçerslər 0,34% azalaraq 7 695,5 bəndə enib. Cümə günü S&P 500 indeksi 0,24% azalaraq 7 711,76 bənd, Dow Jones 0,02% geriləyərək 53 591,19 bənd, Nasdaq 100 isə 0,7% azalaraq 29 434,46 bənd səviyyəsində bağlanıb.
İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşın Cekson-Houl simpoziumundakı açıqlamalarını qiymətləndiriblər. Uorş qiymət təzyiqlərində yaxşılaşma baş verməyəcəyi halda faiz dərəcələrinin artırılmasının mümkün olduğunu bildirib.
“Baza inflyasiyasının hədəf göstəricimizə aydın şəkildə və kifayət qədər sürətlə yaxınlaşdığına əmin olmalıyıq. Əks halda tədbir görməli olacağıq. Bu, bizim işimizdir”, – Uorş deyib.
FED-in gələcək pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda investorlar texnologiya şirkətlərinin səhmlərini satmağa başlayıblar. Enməyə Nvidia səhmləri liderlik edib və 4,57% ucuzlaşıb. AMD səhmləri 2,23%, CoreWeave 2,96%, Intel isə 2,85% dəyər itirib.
Asiya birjalarında da Kevin Uorşın sərt açıqlamaları və FED-in faiz dərəcəsini artıra biləcəyi ilə bağlı narahatlıqlar fonunda mənfi əhval-ruhiyyə üstünlük təşkil edir.
Yaponiyanın Nikkei 225 indeksi 0,63% azalaraq 65 990,16 bəndə, Cənubi Koreyanın Kospi indeksi isə 1,1% geriləyərək 6 714,13 bəndə düşüb.
Honq Konqun Hang Seng indeksi 0,71% azalaraq 25 402,36 bənd, Çinin Shanghai Composite indeksi isə 0,2% geriləyərək 3 944,46 bənd səviyyəsindədir.






