“Bank olmayan kredit təşkilatı Caspian İnvest” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət tədbirləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.
Mərkəzi Bankın məlumatına görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 000 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, “Caspian Invest” MMC (2010-cu ilədək BOKT “Dayaq-Kredit”) 2004-cü ildə təsis edilib və 4,325 mln. manat nizamnamə kapitalı var. Kapitaldakı payçılar Azərbaycan Respublikası vətəndaşları olan Nurlan Şərifov Hikmət oğlu (50%) və İbrahim Salmanov Elşən oğlu (50%) adlı fiziki şəxslərdir.







