Azərbaycanın Maliyyə Nazirliyi cari ilin avqust ayında xəzinə hesabının 146 milyon manat məbləğində qalığını ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirib.
Banker.az xəbər verir ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə avqust ayında 6 depozit hərracı keçirilib.
Avqustun 6-da keçirilən iki depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manat məbləğində qalığı 2 kommersiya bankında 28 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə, 25 milyon manat isə 1 kommersiya bankında 84 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 13-də keçirilən hərracın nəticələrinə əsasən, xəzinə hesabının 21 milyon manat məbləğində qalığı 2 kommersiya bankında 28 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 20-də keçirilən hərracda isə 1 kommersiya bankı iştirak edib. Nəticədə 35 milyon manat 84 gün müddətinə 6,53% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 27-də daha iki depozit hərracı keçirilib. Hərracların birinin nəticəsinə əsasən, xəzinə hesabının 19 milyon manat məbləğində qalığı 2 kommersiya bankında 28 gün müddətinə 6,52% orta çəkili faiz dərəcəsi ilə, digərində isə 30 milyon manat 1 kommersiya bankında 84 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Beləliklə, avqust ayında yerləşdirilən 146 milyon manatın 56 milyon manatı 28 gün, 90 milyon manatı isə 84 gün müddətinə kommersiya banklarına yerləşdirilib.
Maliyyə Nazirliyi bildirib ki, bu kimi alətlər vasitəsilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.
İstiqraz hərracından əvvəl 146 milyon manatlıq depozit
Maliyyə Nazirliyinin avqust ayında banklara depozit yerləşdirməsi sentyabrın 1-də dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçiriləcək hərracdan əvvəl baş verir.
Sentyabrın 1-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 200 milyon manatlıq kuponlu, ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Sifarişlər saat 10:00-dan 11:00-dək qəbul ediləcək.
İstiqrazların tədavül müddəti 3 il və ya 1080 gündür. İllik kupon dərəcəsi 7% müəyyən edilib. Faiz ödənişləri ildə iki dəfə – mart və sentyabr aylarında həyata keçiriləcək. Əsas məbləğ isə 1 sentyabr 2029-cu ildə ödəniləcək.
Sonuncu dəfə Maliyyə Nazirliyi dövlət istiqrazlarını 2025-ci ilin dekabrında bazara çıxarıb. Dekabrın 18-də keçirilmiş həmin hərracda 50 milyon manatlıq, 720 günlük və illik 6,5%-lik istiqrazlar təklif olunmuşdu.
Beləliklə, sentyabrın 1-də təklif ediləcək istiqrazların emissiya həcmi dekabr hərracındakı 50 milyon manatdan 200 milyon manatadək artırılır.
Banklarda portfel kçilib
Banker.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycan banklarının qiymətli kağızlara yatırımları 2026-cı il iyulun 31-nə 7,95 milyard manat təşkil edib. Bu, 2025-ci ilin eyni tarixi ilə müqayisədə 1,24 milyard manat və ya 13,5% azdır.
Ötən ilin iyulun sonunda bankların qiymətli kağızlar üzrə aktivləri 9,19 milyard manat olub. Bir il ərzində portfelin xarici valyuta hissəsi də 4,06 milyard manatdan 3,63 milyard manatadək, yaxud 10,6% azalıb.
Bankların qiymətli kağızlar üzrə əldə etdiyi mənfəət də aşağı düşüb. 2026-cı ilin iyulunun sonuna bu istiqamətdə mənfəət 271,4 milyon manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 326,3 milyon manatla müqayisədə 54,9 milyon manat və ya 16,8% azdır.







