Nvidia Tayvanın çip istehsalçısı “MediaTek”ə $3,5 milyard investisiya edəcək. Banker.az bunu Bloomberg-in məlumatına istinadən xəbər verir ki, Nvidia bu məbləğdə “MediaTek”in konvertasiya olunan istiqrazlarını alacaq.
Razılaşma iki şirkət arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. “MediaTek” süni intellekt məlumat mərkəzlərində komponentlərin daha səmərəli qarşılıqlı fəaliyyətini təmin etmək üçün Nvidia-nın NVLink Fusion və NVHBM texnologiyalarından istifadə edəcək.
Bu investisiya Nvidia-nın öz texnologiyalarını süni intellekt infrastrukturunda daha geniş tətbiq etdirmək strategiyasının növbəti mərhələsi kimi qiymətləndirilir. Şirkətin iri müştəriləri — Amazon, Google və Microsoft — paralel olaraq öz süni intellekt çiplərini hazırlasalar da, Nvidia öz texnologiya ekosistemini genişləndirməyə çalışır.
“MediaTek” isə smartfon çipləri bazarından kənara çıxaraq süni intellekt çiplərinin hazırlanması istiqamətində mövqelərini gücləndirir. Şirkətin bazar kapitallaşması son aylarda təxminən üç dəfə artıb.






