Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 5 milyard 492,16 milyon kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2025-ci ilin ilk 6 ayı ilə müqayisədə 5,2 % azdır.
Bu ilin iyun ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 12,43 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 0,7 % azdır.
Bununla da iyunda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən birinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 33,9 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Türkiyəyə 1 milyard 19,83 milyon kubmetr təbii qaz ixrac edib.
Təkcə iyun ayında Türkiyə ümumilikdə 3 milyard 059,66 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 6,2 % azdır.
İyun ayında Türkiyəyə 2 777,48 milyon kubmetr (9,22 %) qaz boru kəməri vasitəsilə ixrac olunub, 282,18 milyon kubmetr (90,78 %) isə mayeləşdirilimiş təbii qazın payına düşüb.
İyunda Türkiyəyə qaz ixracına görə ikinci yeri İran tutub. Ay ərzində İrandan Türkiyəyə 882,89 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2025-ci ilin iyun ayı ilə müqayisədə 26,66 % çoxdur.
İyunda üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 882,16 milyon kubmetr qaz nəql edib. 2025-ci ilin iyun ayları ilə müqayisədə Rusiyadan Türkiyəyə qaz nəqli 9,11 % azalıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.






