Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

Milli Depozit Mərkəzi (MDM) İsveçin paytaxtı Stokholmda keçirilmiş “PostTrade 360° 2026” tədbiri çərçivəsində Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına (AMDA) üzv qəbul olunub.

Banker.az bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, MDM-in Assosiasiyaya üzvlüyü ilə bağlı qərar AMDA-nın Direktorlar Şurasının iclasında qəbul edilib. İclasda Mərkəzin İdarə Heyətinin sədri Elçin Əlizadə və onu müşaviri Müşfiq Əhmədli iştirak ediblər.

İclas çərçivəsində Şurada MDM-in kapital bazarındakı rolu, institusional və texnoloji inkişaf istiqamətləri, həyata keçirilən islahatlar, eləcə də beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat həyata keçirilib.

AMDA qitənin post-ticarət (post-trade) və mərkəzi depozitar ekosisteminin aparıcı peşəkar platformalarından biridir. Assosiasiya 40 milli və beynəlxalq mərkəzi depozitarı birləşdirir. Onun üzvləri sırasında “Euroclear”, “Clearstream”, “SIX SIS”, “Nasdaq CSD” və “Euronext Securities” kimi aparıcı maliyyə bazarı infrastrukturları yer alır.

AMDA-ya üzvlük Azərbaycanın kapital bazarı infrastrukturunun Avropa maliyyə bazarlarına inteqrasiyasının genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübə və standartların tətbiqinin təşviqi, eləcə də aparıcı mərkəzi depozitarlarla institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər