Azərbaycanda ambulator xidmət göstərən həkimlər üçün yeni əlavə ödəniş mexanizmi tətbiq olunacaq.
Bu barədə TƏBİB məlumat yayıb.
Yeni mexanizmə əsasən, aylıq əlavə ödənişin məbləği həkimin gün ərzində qəbul etdiyi pasiyentlərin orta sayına uyğun müəyyənləşdiriləcək. Əsas ssenari üzrə həkimin gündə orta hesabla 22–36 pasiyentə baxması nəzərdə tutulur.
Bakı, Sumqayıt, Gəncə və Abşeronda gündə orta hesabla 22 baxış keçirən həkimə 1200 manat, 30 baxış keçirənə 1600 manat, 36 baxış keçirənə isə 1800 manat aylıq əlavə ödəniş veriləcək.
Digər regionlarda çalışan ambulator həkimlər üçün daha yüksək məbləğlər müəyyənləşdirilib. Gündə orta hesabla 22 baxış keçirən həkim 1800 manat, 30 baxış keçirən 2400 manat, 36 baxış keçirən isə 2700 manat aylıq əlavə ödəniş alacaq.
Beləliklə, regionlarda çalışan ambulator həkimlərə Bakı, Sumqayıt, Gəncə və Abşerondakı həmkarları ilə müqayisədə 600–900 manat daha çox əlavə ödəniş veriləcək.







