Maldiv adaları Qərb mallarının Rusiyaya çatdırılması üçün tranzit kanalına çevrilib.
Banker.az xəbər verir ki, ABŞ-ın “The Wall Street Journal” qəzetinin təhlil etdiyi sənədlərə və Qərb rəsmiləri ilə müsahibələrə əsasən, Male şəhərinin hava limanından Rusiyaya ixracı məhdudlaşdırılan və ya sanksiya altında olan şirkətlər üçün nəzərdə tutulan yüz milyonlarla dollar dəyərində mallar keçirilib.
Qəzet bildirir ki, bu məhsullar arasında aviasiya ehtiyat hissələri, elektron komponentlər və həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən digər mallar var. Sənədlərə görə, yüklər ABŞ, Avropa və Çindən Maleyə gətirilir, daha sonra Rusiyanın “Aeroflot” aviaşirkətinin reysləri ilə Moskvaya göndərilir.
Maldiv adalarından keçən yük həcmi Çin və Birləşmiş Ərəb Əmirlikləri ilə müqayisədə xeyli aşağıdır. Bu ölkələr üzərindən Rusiyaya illik təxminən 15 milyard dollarlıq idxal həyata keçirilir.
Maldiv gömrük məlumatlarına görə, 2022-2025-ci illərdə ölkədən Rusiyaya rəsmi ixrac olduqca aşağı olub. Bununla belə, “Import Genius” məlumatları Rusiyanın Maldiv adalarından idxalında kəskin artım olduğunu göstərir. 2021-ci ildə 7 milyon dollardan az olan göstərici 2022-ci ildə 630 milyon dolları ötüb, 2024-cü ildə isə 160 milyon dollar təşkil edib.
Maldiv adalarında gömrük əməkdaşlarının sayının məhdud olması və tranzit yüklərin minimal yoxlanılması bu marşrutun istifadəsini asanlaşdırır. Tranzit yüklər adətən fiziki yoxlamadan keçirilmir və gömrük orqanları sənədlərdəki məlumatlara əsaslanır.
WSJ-nin sənədlərinə əsasən, yük Maleyə çatdıqdan sonra “Freight Care” və “Go Investment” kimi yerli vasitəçilər nəqliyyat sənədlərini dəyişdirir. Beləliklə, yüklər Maldiv adalarına rəsmi idxal edilmədən hava limanında qalır və daha sonra Rusiyaya göndərilir. Male-Moskva reysi üçün hazırlanan yeni hava yük qaiməsində ilkin ixracatçının adı göstərilmir.
Məsələn, 2024-cü ilin mayında Almaniyanın “Kraemer Mining” şirkətinin Qırğızıstanın “Peretsvo” şirkətinə satdığı təxminən 10 400 dollar dəyərində avadanlıq Düsseldorfdan Maleyə göndərilib. Bir neçə gün sonra yük “Aeroflot” reysi ilə Moskvaya çatdırılıb. Yeni qaimədə alıcı kimi Rusiyanın “Texno Şirkətlər Qrupu” göstərilib.
Qərb rəsmilərinin məlumatına görə, ABŞ və Avropa İttifaqı marşrutun bağlanması üçün Maldiv hökumətinə təzyiqləri artırır. Maldiv hökuməti və hava limanını idarə edən “Maldives Airports Company” şərh verməyib.








