ABŞ məhkəməsi 2025-ci ilin aprelində Google-u onlayn reklam bazarının bir hissəsində monopolist kimi tanımışdı. Bundan sonra ABŞ Ədliyyə Nazirliyi şirkətdən AdX reklam birjasını və DFP platformasını satmağı tələb etmişdi.
Hakim Leoni Brinkema Ədliyyə Nazirliyinin Google-un reklam texnologiyaları biznesinin bölünməsi ilə bağlı tələbini rədd edib. Məhkəmənin tam qərarı hələ dərc olunmayıb.
Qəzetin məlumatına görə, proses zamanı hakim qeyd edib ki, Google-un mümkün apellyasiyaları da nəzərə alınarsa, biznesin bölünməsi illərlə çəkə bilər. Bundan başqa, reklam birjasını kimin ala və sonradan idarə edə biləcəyi də aydın deyil. Google isə öz növbəsində aktivlərin ayrılmasının “texniki baxımdan mümkün olmadığını” bildirərək kodun şirkətin ekosistemindən kənarda işləməyəcəyini vurğulayıb.
Şirkət reklam biznesinin fəaliyyətində müəyyən dəyişikliklər etməli olsa da, Reuters qeyd edir ki, bu, Google-un son dövrdə antiinhisar işi çərçivəsində biznesinin bölünməsindən yayındığı ikinci haldır.
2024-cü ildə ABŞ məhkəməsi Google-u axtarış sistemləri bazarında da monopolist kimi tanımışdı. Həmin iş üzrə Ədliyyə Nazirliyi şirkətdən Chrome brauzerini satmağı, həmçinin axtarış və reklam məlumatlarına çıxışı açmağı tələb etmişdi. Lakin məhkəmə Google-a Chrome-u satmamağa və Android-i özündə saxlamağa icazə vermişdi.







