Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi qaydalarını dəyişib

Azərbaycanda bankların sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları, eləcə də bank kapitalının və kapital adekvatlığının hesablanması qaydaları dəyişdirilib.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sistem əhəmiyyətli bankların müəyyənləşdirilməsi zamanı istifadə olunan bəzi indikatorların hesablanma yanaşmalarını yeniləyib və qiymətləndirmə prosesini banklara risk əsaslı nəzarət tsikli ilə əlaqələndirib.

Dəyişikliklərə əsasən, “Maliyyə institutlarında yerləşdirilən aktivlər” indikatorunun hesablanması zamanı bankların tənzimləyici qurumda yerləşdirdiyi aktivlər nəzərə alınmayacaq. “Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar” indikatoru üzrə isə AZİPS sistemi vasitəsilə yalnız müştəri köçürmələri və banklararası ödəniş əməliyyatları hesablamaya daxil ediləcək.

Bundan sonra sistem əhəmiyyətli bankların siyahısı hər il sentyabrın 1-dək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiqlənəcək.

Bank kapitalının adekvatlığı qaydalarında da yeni yanaşma müəyyən edilib. Sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticəsində bank ilk dəfə sistem əhəmiyyətli bankların siyahısına daxil edilərsə və ya artıq siyahıda olan bank daha yüksək sistem əhəmiyyətlilik qrupuna keçirilərsə, onun üçün artırılmış “sistem əhəmiyyətli bank kapital buferi” tələbi siyahının təsdiqləndiyi ildən sonrakı ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Əksinə, bankın sistem əhəmiyyətli banklar siyahısından çıxarılması və ya daha aşağı sistem əhəmiyyətlilik qrupuna keçirilməsi yalnız ardıcıl iki il üzrə aparılan hesablamalarla təsdiqləndikdən sonra mümkün olacaq. Bu halda azaldılmış kapital buferi tələbi sistem əhəmiyyətli bankların yeni siyahısının təsdiqindən dərhal sonra tətbiq ediləcək.

Mərkəzi Bank bildirir ki, dəyişikliklər hazırlanarkən bir sıra Avropa ölkələrinin təcrübəsi və digər beynəlxalq yanaşmalar nəzərə alınıb. Yeni qaydaların məqsədi sistem əhəmiyyətli bankların qiymətləndirilməsində daha dəqiq və effektiv yanaşmaların tətbiqidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər