S&P: SOCAR-la sövdələşmə ABŞ şirkətinin kredit profilinə müsbət təsir edəcək

“S&P Global Ratings” SOCAR-ın ABŞ-nin “Comstock Resources” şirkətinin bir sıra aktivlərində pay alması ilə bağlı planlaşdırılan sövdələşməni şirkətin kredit profili üçün müsbət qiymətləndirib.

Bu barədə “S&P Global Ratings”in açıqlamasında bildirilib.

Agentlik qeyd edib ki, 1,65 milyard ABŞ dolları dəyərində nəzərdə tutulan əməliyyat “Comstock Resources”un sərbəst pul axını kəsirini kompensasiya etməyə və yaxın müddətdə kredit göstəricilərini yaxşılaşdırmağa kömək edəcək.

“S&P”nin gözləntilərinə görə, şirkət sövdələşmədən əldə edəcəyi xalis vəsaitin bir hissəsini kredit xətti üzrə borcların azaldılmasına, həmçinin 2029-cu ildə ödənilməli istiqrazların bir hissəsinin və ya hamısının geri alınmasına yönəldə bilər.

Bununla yanaşı, agentlik “Comstock Resources”un “B” səviyyəsində emitent kredit reytinqini və “stabil” proqnozunu dəyişməyib. Bildirilib ki, sövdələşmə hələ yekun şəkildə imzalanmayıb və şirkətin kredit göstəriciləri təbii qaz qiymətlərindən əhəmiyyətli dərəcədə asılı olaraq qalır.

Qeyd edək ki, sövdələşmə çərçivəsində SOCAR “Comstock Resources”un “Legacy Haynesville” aktivlərində 20%, “Western Haynesville” aktivlərində 15% operatorluq hüququ olmayan iştirak payı, eləcə də “Pinnacle Gas Services”də şirkətə məxsus 73%-lik payın 15%-ni əldə etməyi planlaşdırır. Əməliyyatın ümumi dəyəri 1,65 milyard ABŞ dollarıdır.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər