“Neo Bank Olmayan Kredit Təşkilatı” ASC (“Neo BOKT”) nizamnamə kapitalını 1,002 milyon manat artırmaq üçün 270 ədəd yeni səhm emissiya edir.
Banker.az xəbər verir ki, səhmlərin hər birinin nominal və yerləşdirmə qiyməti 3 710 manatdır.
Yeni səhmlərin Bakı Fond Birjasında “Troni İnvestisiya Şirkəti” ASC vasitəsilə kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Abunə yazılışı 5 iş günü davam edəcək, səhmlərin yerləşdirilməsi isə elan edildikdən sonra 7 iş günü ərzində həyata keçiriləcək.
Emissiyadan əldə ediləcək 1,002 milyon manat vəsaitdən təxminən 11,6 min manat emissiya və birja xərclərinə yönəldiləcək. Nəticədə “Neo BOKT”nin sərəncamında təxminən 990,1 min manat xalis vəsait qalacaq. Şirkət bu vəsaiti dövriyyə kapitalının artırılması və kreditləşmə fəaliyyətinin genişləndirilməsinə yönəltməyi planlaşdırır.
Hazırda “Neo BOKT”nin nizamnamə kapitalında Aydınov Elson İfit oğlunun 60%, Səlimov Rəşad Mais oğlunun isə 40% payı var. Mövcud səhmdarlar yeni səhmlərə üstünlük hüququndan istifadə etmədiyi halda, onların payları müvafiq olaraq 34,69% və 23,13%-ə qədər azalacaq.
Şirkətin maliyyə göstəriciləri isə son illərdə əhəmiyyətli dərəcədə zəifləyib. “Neo BOKT”nin aktivləri 2023-cü ilin sonunda 321,7 min manatdan 2025-ci ilin sonunda 30,6 min manata, kredit portfeli isə 176,9 min manatdan 27,8 min manata düşüb. Öhdəliklər eyni dövrdə 254,2 min manatdan 2 min manata enib.
Şirkət 2023-cü ili 38,6 min manat zərərlə, 2024-cü ili 222 manat mənfəətlə, 2025-ci ili isə 80,1 min manat zərərlə başa vurub. Audit hesabatında yığılmış zərər və aktivlərin əhəmiyyətli dərəcədə azalmasının “Neo BOKT”nin fasiləsiz fəaliyyətini davam etdirmək qabiliyyəti ilə bağlı qeyri-müəyyənlik yarada biləcəyi qeyd olunub.
Emissiya prospektində şirkətin əsas riskləri kimi kredit, likvidlik və faiz dərəcəsi riskləri, həmçinin səhmlər üzrə aktiv təkrar bazarın olmaması göstərilir.







