Azəri-Çıraq-Günəşli üzrə əməliyyat xərcləri illik 22.5% artıb

2026-cı ilin ilk yarısında Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə ümumilikdə təxminən 1,001 milyard dollar vəsait xərclənib.

Banker.az bunu “BP Azərbaycan”ının rüblük hesabatına istinadən xəbər verir.

Bunun 268 milyon dolları əməliyyat, 733 milyon dolları isə əsaslı məsrəflər olub. 2025-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 259 milyon və 558 milyon dollar təşkil edib və ümumi xərclər 817 milyon dollara çatıb. Beləliklə, AÇG-yə yönəldilən ümumi xərclər bir il ərzində 184 milyon dollar və ya 22,5% artıb. Əsaslı məsrəflərin artımı isə daha yüksək olub – 31,4%.

Qeyd edək ki, 2026-cı ilin ilk yarısında AÇG-dən gündəlik orta hesabla 323 min barel, ümumilikdə isə təxminən 59 milyon barel neft hasil edilib. I rübdə gündəlik orta hasilat 325 min barel olduğundan, II rübdə bu göstərici təxminən 321 min barel təşkil edib.

Ötən ilin ilk yarısında AÇG-də gündəlik orta hasilat 327 min barel, ümumi hasilat isə təxminən 59 milyon barel olub. Beləliklə, illik müqayisədə ümumi hasilat faktiki olaraq dəyişməyib, gündəlik orta hasilat isə 4 min barel və ya 1,2% azalıb.

İyunun sonunda AÇG-də 150 neft hasilat quyusu, 51 su injektoru və 11 qaz injektoru quyusu istismarda olub. 2025-ci ilin eyni vaxtında bu göstəricilər müvafiq olaraq 143, 46 və 10 quyu idi. Beləliklə, bir il ərzində istismardakı neft hasilat quyularının sayı 7, su injektoru quyularının sayı 5, qaz injektoru quyularının sayı isə 1 ədəd artıb.

2026-cı ilin ilk yarısında isə AÇG-də 7 neft hasilatı, 3 su injektoru və 2 qaz injektoru quyusu olmaqla ümumilikdə 12 quyu qazılıb tamamlanıb. 2025-ci ilin ilk yarısında tamamlanan quyuların sayı 7 idi. Beləliklə, quyuqazma fəaliyyəti illik müqayisədə 5 quyu və ya 71,4% artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər