Qazaxıstanda Binance qrupunun regional hesablaşma mərkəzi yaradılacaq

Qazaxıstan Milli Bankı və Binance ölkədə qrupun regional hesablaşma mərkəzinin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Qazaxıstan tənzimləyicisinin məlumatına görə, mərkəz beynəlxalq ödənişlərin və pul köçürmələrinin, o cümlədən Mərkəzi Asiya, MDB və Şərqi Avropa ölkələrindən olan Binance müştərilərinin rəqəmsal aktivlərlə əməliyyatları üzrə hesablaşmaların həyata keçirilməsinə yönələcək.

Sənəd Qazaxıstan Milli Bankının sədri Timur Süleymenov və Binance-in təsisçisi Çanpen Çjao tərəfindən imzalanıb. Forbes Real-Time Billionaires-in 7 sentyabr tarixinə olan məlumatına görə, Çjaonun sərvəti 114,6 milyard dollar qiymətləndirilir.

Qazaxıstan Milli Bankı bildirib ki, layihə çərçivəsində ölkədə Binance qrupuna aid ayrıca təşkilat və zəruri infrastruktur yaradılacaq. Bu qurum birinci kateqoriyalı ödəniş təşkilatı kimi fəaliyyət göstərmək üçün Milli Bankdan lisenziya almalıdır.

Tənzimləyicinin açıqlamasına görə, layihənin həyata keçirilməsi Binance-in regional əməliyyatlarının bir hissəsinin Qazaxıstana köçürülməsinə və regiondakı müştərilərin əhəmiyyətli hissəsinə Qazaxıstan yurisdiksiyası vasitəsilə xidmət göstərilməsinə imkan verəcək.

Binance ötən həftə Qazaxıstanın dövlət və maliyyə institutları ilə ümumilikdə üç saziş imzaladığını açıqlamışdı. Milli Bankla yanaşı, şirkət Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi, həmçinin “Astana” Beynəlxalq Maliyyə Mərkəzi ilə də memorandumlar imzalayıb.

Rəqəmsal İnkişaf Nazirliyi ilə saziş rəqəmsal aktivlər, rəqəmsal və hesablama infrastrukturu, eləcə də innovativ ödəniş həlləri sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Binance-in məlumatına görə, əməkdaşlıq çərçivəsində Qazaxıstanda steyblkoin buraxılması imkanına da baxılır.

“Astana” Beynəlxalq Maliyyə Mərkəzi ilə memorandum investisiya vergi rezidentliyi proqramı çərçivəsində əməkdaşlığın inkişafını və rəqəmsal aktivlərin Qazaxıstanın müasir investisiya infrastrukturunun elementi kimi istifadəsinin genişləndirilməsini nəzərdə tutur.

Mərkəzin rəhbəri Renat Bekturov bildirib ki, rəqəmsal aktivlərin investisiya vergi rezidentliyi proqramına daxil edilməsi Qazaxıstanın müasir investisiya infrastrukturunun inkişafında mühüm addımdır. Onun sözlərinə görə, bu yanaşma investorların yeni imkanlara çıxışını genişləndirəcək və ölkədə rəqəmsal aktivlər bazarının inkişafına töhfə verəcək.

Binance-in təsisçisi Çanpen Çjao sentyabrın əvvəlində Qazaxıstana səfər edib. O, ölkənin baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevlə görüşərək Qazaxıstanın rəqəmsal iqtisadiyyatının inkişafını müzakirə edib.

Alem.ai beynəlxalq süni intellekt mərkəzinə səfər zamanı nümayəndə heyətinə AlatauCity-də CryptoCity konsepsiyası və Qazaxıstanın regional süni intellekt mərkəzi kimi mövqeyini gücləndirməyi hədəfləyən Data Center Valley layihəsi də təqdim olunub. Bundan əlavə, Binance Pay ilə Alatau City Bank arasında tərəfdaşlığın təqdimatı keçirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər