“International Leasing” ASC hər birinin nominal dəyəri 50 manat olan 20 min ədəd adi, adlı, sənədsiz səhm buraxmağı planlaşdırır. Emissiyanın ümumi nominal həcmi 1 milyon manatdır.
Banker.az xəbər verir ki, səhmlər kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək, anderrayter qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edəcək. Mövcud səhmdarlar yeni səhmləri paylarına mütənasib almaqda üstünlük hüququna malik olacaq.
Səhm buraxılışının əsas məqsədi şirkətin nizamnamə kapitalını artırmaqdır. Səhmlərin yerləşdirilməsindən 1 milyon manat vəsaitin cəlb edilməsi, emissiya ilə bağlı 5 855 manat xərc çıxıldıqdan sonra isə şirkətin sərəncamında 994,1 min manat qalması nəzərdə tutulur. Bu vəsait “International Leasing”in dövriyyə kapitalının artırılmasına yönəldiləcək.
“International Leasing” 2021-ci ildə dövlət qeydiyyatına alınıb və əsas fəaliyyətinə 2023-cü ildən başlayıb. Şirkət əsasən minik avtomobillərinin maliyyə lizinqi ilə məşğuldur və fəaliyyətini Azərbaycan bazarında həyata keçirir. 2025-ci ildə lizinq fəaliyyəti üzrə faiz gəlirləri 1 milyon 175,9 min manat təşkil edib.
Hazırda şirkətin nizamnamə kapitalı 1 milyon manatdır və hər birinin nominal dəyəri 50 manat olan 20 min səhmdən ibarətdir. Səhmlərin 45%-i Nicat Həsənova, 45%-i Rifat Həsənova, 10%-i isə Leyla Cabbarovaya məxsusdur. Yeni emissiya tam yerləşdirildiyi halda səhmlərin ümumi sayı 40 minə, nizamnamə kapitalı isə 2 milyon manata çatacaq. Mövcud səhmdarlar üstünlük hüququndan istifadə etməsələr, onların payları müvafiq olaraq 22,5%, 22,5% və 5%-ə qədər azalacaq.
Lizinq şirkəti 2025-ci ili 342,4 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 11,1% çoxdur. İlin sonunda aktivlər 82,2% artaraq 4,66 milyon manata, öhdəliklər isə 2,7 dəfə artaraq 3,33 milyon manata çatıb. Şirkətin kapitalı 1,33 milyon manat təşkil edib. Faiz gəlirləri isə bir il ərzində 2,1 dəfə artaraq 1,18 milyon manata yüksəlib.







