Azərbaycanda geotermal enerji üçün yeni qanunvericilik hazırlanır

Azərbaycanda geotermal enerji üçün yeni qanunvericilik hazırlanır.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026″nın (BCAW 2026) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, günəş və külək enerjisi artıq dünənin xəbəridir: “Hökumət proqramı, dövlət dəstəyi və investisiyaların təşviqi sertifikatları sayəsində proqramlarımız var. 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payı ən azı 30 % olmalıdır. Buradakı xarici investorlar – “Masdar”, “Acwa”, “PowerChina” kimi tərtibatçılar, “Universal Energy” və digər şirkətlərlərlə işləyən SOCAR sayəsində 2030-cu ilə qədər 30%-lik hədəfi üstələyəcəyimizə tam əminəm. Yəni bu artıq köhnə xəbərdir”.

O qeyd edib ki, təkcə şirkət üçün deyil, özəl sektor üçün də imkan görülən sahə geotermal enerjidir: “Bu, daha risklidir. Geotermal enerji yalnız istilik təchizatı üçün deyil, həm də elektrik enerjisi istehsalı üçün istifadə oluna bilər. Energetika Nazirliyi bu məsələləri dövlət proqramına daxil edib ki, yeni qanunvericilik hazırlansın və bizim üçün gələcəyin sektoru olan bu sahədə riskləri azaldacaq mexanizmlər işlənib hazırlansın. Biz SOCAR olaraq “Schlumberger” və “Baker Hughes” ilə birlikdə masaüstü tədqiqatlar apardıq, Azərbaycanda bu sahədə böyük potensiala malik olduğunu düşündüyümüz əraziləri müəyyənləşdirdik. Hazırda riski bölüşəcək kapital tərəfdaşı (equity partner) axtarışındayıq. Bu cür layihələri necə inkişaf etdirməyi bilən tərəfdaş lazımdır, çünki bizim bu sahədə təcrübəmiz yoxdur və bu barədə dürüstük”.

Ə. İsayev bildirib ki, hökumət artıq qanunvericilik və risklərin azaldılması proqramları üzərində işləyir: “İstər Çoxtərəfli İnkişaf Bankları ilə birlikdə texniki yardım, istərsə də digər ölkələrin təcrübəsinin, standartlarının, prosedurlarının və siyasətlərinin bölüşdürülməsi hökumətin, SOCAR-ın və özəl sektorun bu səylərini sürətləndirə bilər”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər