Çinin “Haval” və digər avtomobil markalarını Azərbaycanda satan “Azərbaycan Automobiles” QSC 2025-ci ili 1,25 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildəki 1,22 milyon manatla müqayisədə 2,5% çoxdur. Şirkətin balansında bölüşdürülməmiş mənfəət 4,11 milyon manat təşkil edib və əvvəlki ilin sonundakı 2,86 milyon manatla müqayisədə 43,7% artıb. Vergidən əvvəlki mənfəət də 2,5% artaraq 1,57 milyon manata çatıb.
Şirkətin əsas əməliyyat gəlirləri 2025-ci ildə 23,1% artaraq 69,88 milyon manatdan 86,03 milyon manata yüksəlib. Satılan malların maya dəyəri 12,3% artaraq 65,97 milyon manat olub. Nəticədə ümumi mənfəət 76,6% artaraq 20,06 milyon manata çatıb. İnzibati xərclər 2 dəfədən çox — 102,2% artaraq 15,96 milyon manat, maliyyə xərcləri isə 25,3% artaraq 2,36 milyon manat təşkil edib. Əməliyyat mənfəəti 18,3% artımla 4,09 milyon manata yüksəlib.
“Azərbaycan Automobiles”in cəmi aktivləri 2025-ci ilin sonunda 36,4% artaraq 39,25 milyon manata çatıb. Cari aktivlər 43,7% artaraq 35,93 milyon manat olduğu halda, uzunmüddətli aktivlər 12,2% azalaraq 3,32 milyon manata düşüb. Ehtiyatlar 53% artaraq 19,70 milyon manat, qısamüddətli debitor borcları 31,9% artaraq 12,17 milyon manat, pul vəsaitləri və onların ekvivalentləri isə 10% artaraq 1,90 milyon manat olub. Digər aktivlər 86,5% artaraq 2,10 milyon manata çatıb. Şirkətin cəmi öhdəlikləri 35,6% artaraq 35,13 milyon manat, kapitalı isə 43,7% artaraq 4,12 milyon manat olub. Ticarət və digər kreditor borcları 94,3% azalaraq 38,8 min manata düşüb.
Şirkətin bütün öhdəlikləri qısamüddətli olub, hesabatda uzunmüddətli öhdəliklər üzrə qalıq göstərilməyib. Maliyyə lizinqi öhdəlikləri 24,6% artaraq 15,21 milyon manata, alınmış avanslar 50,7% artaraq 17,98 milyon manata çatıb. Vergi və digər məcburi ödənişlər üzrə 236,2 min manatlıq öhdəlik illik müqayisədə dəyişməyib. Torpaq, tikili və avadanlıqların balans dəyəri 12,2% azalaraq 3,29 milyon manat, qeyri-maddi aktivlər isə 10% azalaraq 35 min manat olub.
Xatırladaq ki, “Azərbaycan Automobiles” QSC 2009-cu ildə yaradılıb və avtomobil satışı və distribütorluğu sahəsində fəaliyyət göstərir. Şirkətin rəsmi məlumatına görə, “Bentley” və Çinin avtomobil istehsalçısı “Great Wall Motor”un (GWM) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətin nizamnamə kapitalı 2 540 manatdır.







