Naxçıvan üzərindən Azərbaycan və Türkiyə arasında elektrik bağlantısının yaradılması layihəsi üzrə ilkin işlər tamamlanıb və ən uyğun texniki variant müəyyən edilib.
Banker.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Türkiyə Naxçıvan başda olmaqla iki ölkə arasında elektrik bağlantılarının inkişaf etdirilməsi üzrə işləri diqqətlə izləyir.
“Türkiyə-Azərbaycan interkonneksiya layihəsi çərçivəsində ilkin işlərin tamamlanması və aidiyyəti qurumlarımızın texniki qiymətləndirmələri nəticəsində ən tətbiqolunan variantın müəyyənləşdirilməsi layihədə mühüm mərhələnin geridə qaldığını göstərir”, – Bayraktar bildirib.
Onun sözlərinə görə, sistem operatorlarının apardığı əlavə texniki işlərin də tamamlanmasından sonra layihənin icra mərhələsinə keçməsi üçün güclü zəmin yaranacaq.
Bayraktar əlavə edib ki, bu bağlantı yalnız elektrik enerjisinin etibarlı təchizatını artırmayacaq, eyni zamanda Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığını daha strateji səviyyəyə yüksəldəcək.







